Bakı. Trend:
Xaçmaz rayonunda 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə tədbir keçirilib. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, müxtəlif sahələrdə çalışan dövlət qulluqçuları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, dövlət qulluğunun müasir tələblər səviyyəsində formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri var.
Elnur Rzayev həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu kadr islahatlarından, dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsinə və onların fəaliyyətinin stimullaşdırılmasına yönələn ardıcıl dövlət qayğısından ətraflı danışıb. Qeyd edib ki, məhz dövlət başçısının bu diqqəti sayəsində dövlət qulluğu sistemi sürətlə inkişaf edir və vətəndaş məmnunluğu prinsipi əsas götürülür.
Digər çıxış edənlər də dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup dövlət qulluqçusu Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı ilə təltif olunub. Həmçinin Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Salmanşah Pənahov 65 illik, Ceyhun Musayev isə 50 illik yubileyləri münasibətilə Fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıblar.
