Bakı. Trend:
Yeni qlobal nizamın formalaşması şəraitində İslam dünyasının qarşısında mühüm imkanlar açılır və müsəlman ölkələri gələcək dünya düzəninin əsas güc mərkəzlərindən birinə çevrilə bilər.
Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının (PUIC) 20-ci sessiyasının açılış mərasimində deyib.
Numan Kurtulmuş bildirib ki, dünya hazırda böyük münaqişələrin, siyasi və iqtisadi gərginliklərin, həmçinin indiyədək görünməmiş qlobal sarsıntıların yaşandığı dövrdən keçir.
“Çox rahatlıqla deyə bilərik ki, köhnə dünya dağılır və çözülür. Yaşadıqlarımız yeni dünyanın doğum sancılarıdır. İkiqütblü sistemin, daha sonra isə təkqütblü sistemin sona çatması ilə yeni dövrün səhifələri açılır. Bu yeni sistemin ən əsas xüsusiyyətlərindən biri çoxqütblülük olacaq”, - deyə o qeyd edib.
TBMM sədri vurğulayıb ki, 2 milyarddan çox əhalisi, 57 üzv dövləti, zəngin təbii ehtiyatları, iqtisadi potensialı və gənc əhalisi ilə İslam dünyası yeni dünya sisteminin əsas güc mərkəzlərindən birinə çevrilmək imkanına malikdir.
Onun sözlərinə görə, bunun üçün ilk növbədə müsəlman ölkələri öz potensialının və gücünün fərqinə varmalı, gələcəyə inamla hazırlaşmalıdır.
Kurtulmuş bildirib ki, İslam dünyasının ən böyük problemlərindən biri parçalanmışlıq, bölünmüşlük və ortaq iradənin zəifliyidir.
“Birliyimizi, bütövlüyümüzü, qardaşlığımızı və İslam vəhdətini gücləndirəcək addımlar atmağa məcburuq. Əks halda İslam dünyasının müxtəlif bölgələri ciddi təhdidlərlə üzləşməyə davam edəcək. Məzhəb, etnik mənsubiyyət, siyasi və ideoloji fərqlilikləri qarşıdurma səbəbi deyil, ümmətin zənginliyi kimi qəbul etməliyik”, - deyə o vurğulayıb.
TBMM sədrinin sözlərinə görə, yeni dövrdə müsəlman ölkələri ortaq strategiyalar hazırlamalı və birgə fəaliyyət göstərməlidirlər.
“Bu gün heç bir ölkənin təkbaşına uğur qazanması mümkün deyil. Necə inkişaf edəcəyimizə və bu mürəkkəb prosesdən necə uğurla çıxacağımıza dair ortaq və uzunmüddətli strategiyalar hazırlamalı, bu strategiyalar çərçivəsində birgə layihələr həyata keçirməliyik”, - deyə o bildirib.
Numan Kurtulmuş qeyd edib ki, İslam dünyasının malik olduğu maddi sərvətlər, enerji resursları, insan kapitalı, elmi potensialı və strateji coğrafi imkanlar ümumi məqsədlər naminə istifadə olunmalıdır.
“Bu resurslar ortaq ağılla idarə olunmalı və bütün İslam dünyasının rifahına xidmət etməlidir”, - deyə o əlavə edib.
O həmçinin vurğulayıb ki, yeni qlobal şərait köhnə yanaşmalarla idarə oluna bilməz və İslam dünyasının genişmiqyaslı islahatlara ehtiyacı var.
Kurtulmuş siyasi, institusional və intellektual islahatların müsəlman ölkələri üçün əsas prioritetlərdən biri olduğunu vurğulayaraq qeyd edib ki, bu proseslər dörd əsas prinsip üzərində qurulmalıdır.
“Ədalət, səriştə, məşvərət və hesabatlılıq prinsipləri üzərində qurulan əməkdaşlıq gələcəkdə İslam ölkələrinin inkişafına və dünya üçün nümunə olacaq yeni modelin formalaşmasına imkan verəcək”, - deyə o qeyd edib.
TBMM sədri çıxışında beynəlxalq münasibətlər sisteminə də toxunaraq mövcud qlobal idarəetmə modelinin ciddi böhran yaşadığını bildirib.
“Bu gün beynəlxalq sistem öz institutları, qaydaları və mexanizmləri ilə birlikdə dağılma mərhələsindədir. Bunun yerinə daha ədalətli, humanist və haqqaniyyətli yeni qlobal sistem qurulmalıdır. Dünyanın taleyi bir neçə dövlətin iradəsindən asılı olmamalıdır”, - deyə Kurtulmuş vurğulayıb.
O bildirib ki, İslam ölkələri bu yeni beynəlxalq sistemin formalaşdırılması istiqamətində daha fəal rol oynamalıdır.
