Azərbaycan-Türkmənistan münasibətləri geniş regional əhəmiyyət daşımağa başlayıb - Sevil Mikayılova

Siyasət Materials 23 İyun 2026 17:13 (UTC +04:00)
Azərbaycan-Türkmənistan münasibətləri geniş regional əhəmiyyət daşımağa başlayıb - Sevil Mikayılova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri iki qardaş ölkə arasında münasibətlərin hazırkı səviyyəsini və gələcək inkişaf perspektivlərini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində Prezident İlham Əliyev və Prezident Sərdar Berdiməhəmmədov tərəfindən Azərbaycan ilə Türkmənistan arasında Birgə Bəyanat imzalandı. Bu sənəd tərəflərin strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi və regional məsələlər üzrə koordinasiyanın gücləndirilməsi istiqamətində iki ölkə arasında yeni səhifə açır.

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Bakı ilə Aşqabad arasındakı əməkdaşlıq artıq ənənəvi dostluq münasibətlərini aşaraq regional və beynəlxalq əhəmiyyət daşıyan strateji tərəfdaşlıq mərhələsinə daxil olub. Azərbaycan və Türkmənistanı birləşdirən amillər ilk növbədə ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlərdir. Hər iki xalq türk dünyasının ayrılmaz hissəsi olmaqla yanaşı, əsrlər boyu formalaşmış yaxın münasibətlərə malikdir. Son illərdə siyasi dialoqun intensivləşməsi, qarşılıqlı səfərlərin artması və humanitar sahədə əlaqələrin genişlənməsi bu münasibətləri daha da möhkəmləndirib.

"Prezident İlham Əliyevin vurğuladığı kimi, münasibətlərin təməlində tarixi bağlar, mədəni və mənəvi yaxınlıq dayanır. Son dövrlərdə Azərbaycanda və Türkmənistanda keçirilən Mədəniyyət Günləri, Bakı və Aşqabadın, eləcə də Füzuli və Arkadağ şəhərlərinin qardaşlaşması xalqlar arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edir. Bu addımlar iki ölkə arasında münasibətlərin yalnız siyasi və iqtisadi deyil, eyni zamanda ictimai və humanitar ölçülərinin də gücləndiyini göstərir".

Deputat qeyd edib ki, səfərin diqqətçəkən məqamlarından biri Türkmənistanın Qarabağın bərpasına verdiyi dəstəyin xüsusi vurğulanması oldu.

"Türkmən xalqının Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşasına başlanılması Azərbaycan üçün təkcə humanitar layihə deyil, həm də qardaşlıq münasibətlərinin rəmzi kimi qiymətləndirilir. Bu addım Türkmənistanın Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həyata keçirilən quruculuq prosesinə verdiyi siyasi və mənəvi dəstəyin göstəricisidir".

S.Mikayılova vurğulayıb ki, ikitərəfli münasibətlərin inkişafında nəqliyyat və logistika sahəsi xüsusi yer tutur. Son illərdə qlobal ticarət marşrutlarının dəyişməsi, yeni geoiqtisadi reallıqların formalaşması fonunda Azərbaycan və Türkmənistan Xəzər hövzəsində mühüm tranzit mərkəzlərinə çevrilirlər. Hər iki ölkə Şərqlə Qərbi, Mərkəzi Asiya ilə Avropanı birləşdirən strateji marşrutların əsas iştirakçıları sırasındadır.

"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün dünyada etibarlı və təhlükəsiz nəqliyyat dəhlizlərinin sayı məhduddur. Azərbaycan və Türkmənistanın birgə fəaliyyəti isə yükdaşımaların həcminin artırılması, yeni tranzit imkanlarının yaradılması və üçüncü ölkələrin də bu marşrutlara cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xəzər dənizi üzərindən formalaşan nəqliyyat şəbəkəsi təkcə iki ölkənin deyil, bütövlükdə Avrasiya məkanının iqtisadi inteqrasiyasına xidmət edir.

Enerji sektoru da əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Həm Azərbaycan, həm də Türkmənistan zəngin enerji ehtiyatlarına malik dövlətlərdir. Son illərdə Xəzər regionunda enerji əməkdaşlığı sahəsində əldə olunan razılaşmalar göstərir ki, tərəflər enerji təhlükəsizliyi və resursların dünya bazarlarına çıxarılması istiqamətində qarşılıqlı maraqlara əsaslanan siyasət yürüdürlər. Bu əməkdaşlıq yalnız iqtisadi gəlirlər deyil, eyni zamanda regionda sabitlik və tərəfdaşlığın möhkəmlənməsinə də xidmət edir.

Səfər çərçivəsində diqqət çəkən məqamlardan biri də Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv qəbul olunması məsələsində Türkmənistanın verdiyi dəstəyin yüksək qiymətləndirilməsi oldu. Bu hadisə Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni mərhələyə keçdiyini göstərir. Coğrafi baxımdan regionun bir hissəsi olmasa da, tarixi, mədəni və iqtisadi bağlar Azərbaycanın Mərkəzi Asiya məkanında mühüm aktorlardan birinə çevrilməsinə şərait yaradır".

S.Mikayılova qeyd edib ki, Azərbaycan-Türkmənistan münasibətləri artıq ikitərəfli əlaqələr çərçivəsindən çıxaraq daha geniş regional əhəmiyyət daşımağa başlayıb. Xəzər regionunda sabitlik, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, türk dünyasında inteqrasiya prosesləri və Mərkəzi Asiya ilə əməkdaşlığın genişlənməsi baxımından Bakı ilə Aşqabad arasında formalaşan strateji tərəfdaşlıq mühüm rol oynayır.

"Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri bir daha göstərdi ki, iki qardaş ölkə arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Qarşılıqlı etimad, siyasi dialoq və ortaq maraqlara əsaslanan bu əməkdaşlıq gələcək illərdə həm Azərbaycan və Türkmənistanın milli maraqlarına, həm də regionun təhlükəsizliyi və rifahına mühüm töhfələr verəcək".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti