Əsas vəzifələrdən biri hər kubmetr sudan daha yüksək məhsuldarlıq əldə etməkdir - Zaur Mikayılov

İqtisadiyyat Materials 24 İyun 2026 12:05 (UTC +04:00)
Əsas vəzifələrdən biri hər kubmetr sudan daha yüksək məhsuldarlıq əldə etməkdir - Zaur Mikayılov
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Sabirabad. Trend:

Bu gün qarşımızda duran əsas vəzifələrdən biri yalnız daha çox su ilə təminat deyil, hər kubmetr sudan daha yüksək məhsuldarlıq əldə etməkdir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair regional müşavirədə deyib.

Zaur Mikayılov vurğulayıb ki, müasir suvarma sistemlərinin tətbiqi xüsusi əhəmiyyət kəsb edir.

"Bu gün qarşımızda duran əsas vəzifələrdən biri yalnız daha çox su ilə təminat deyil, hər kubmetr sudan daha yüksək məhsuldarlıq əldə etməyə əsaslanmış, iqlim dəyişikliklərinə davamlı model yaratmaqdır. Bu baxımdan aqrar sektorda əkin sahələri üzrə ənənəvi selləmə suvarma üsullarından imtina edilməsi və müasir suvarma sistemlərinin – damcı və pivot texnologiyalarının, lazer hamarlama və tirələrə ayırma kimi mütərəqqi aqrotexniki qulluq vasitələrinin tətbiqinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Müasir suvarma texnologiyalarının tətbiqi həm torpaqların şorlaşmasının qarşısını alır, həm məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır, həm də su resurslarımıza qənaət edərək investisiyanın iqtisadi effektivliyini maksimuma çatdırır", - deyə o qeyd edib.

ADSEA sədri pambıq sahələrinin suvarma suyu ilə təminatı məsələsinə də toxunub.

"2025-ci ildə respublikamızın 23 rayonunda 107 min 492 hektar sahədə pambıq əkini aparılıb və ümumilikdə 3,6 dəfə suvarma suyu ilə təmin edilib. Cari ildə respublikamızın 21 rayonunda pambıq bitkisinin ümumilikdə 90 min 579 hektar sahədə səpini baş tutub, və müvafiq qaydada arat və səpsuvar suyu ilə təmin edilib. Hazırda sözügedən əkinlərin qrafikə uyğun olaraq vegetasiya suyu ilə təmin edilməsi davam etdirilir. Hamımıza məlumdur ki, pambıq vegetasiya dövründə yüksək rütubət və su tələbatı olan bitkidir. Lakin son illər iqlim dəyişikliklərinin mənfi təsirləri, quraq dövrlərinin uzanması, yağıntıların həcminin dinamik surətdə dəyişməsi və özəlliklə vegetasiya dövrlərində su ehtiyatlarına artan təzyiq bir sıra yeni zərurətlər formalaşdırmışdır. Bu baxımdan, pambıqçılıq ənənəsi olan xüsusilə Aran, Qarabağ, Şərqi Zəngəzur və Mil-Muğan zonalarında yerləşən rayonlarımızda suvarma infrastrukturunun inkişaf etdirilməsi və su itkilərinin minimuma endirilməsi istiqamətində mühüm layihələr icra olunur", - deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti