Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan İran İslam Respublikasına 1,281 milyon ABŞ dolları dəyərində 19,038 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
Bundan başqa, hesabat dövründə Azərbaycan İrandan 11,307 milyon ABŞ dolları dəyərində 168,011 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib.
Ötən ilin eyni dövründə iki ölkə arasında təbii qaz (qaz halında) idxal və ixracı qeydə alınmayıb.
Ümumilikdə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 8 ölkəyə 2,536 milyard ABŞ dolları dəyərində 8,416 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 529,7 milyon ABŞ dolları və ya 17,3% az, həcm baxımından isə 256,3 milyon kubmetr və ya 3,1% çoxdur.
Bundan başqa, 2026-cı ilin ilk dörd ayında Azərbaycan cəmisi bir ölkədən – İran İslam Respublikasından 11,307 milyon ABŞ dolları dəyərində 168,011 milyon kubmetr təbii qaz (qaz halında) idxal edib. Ötən ilin eyni dövründə isə Azərbaycan iki ölkədən – Rusiya və Türkmənistandan 27,2 milyon ABŞ dolları dəyərində 176,5 milyon kubmetr təbii qaz idxal etmişdi. Beləliklə, Azərbaycana təbii qaz idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15,9 milyon ABŞ dolları və ya 2,4 dəfə, həcm baxımından isə 8,5 milyon kubmetr və yaxud 4,8% azalıb.
Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq son illərdə ticarət, nəqliyyat, enerji, tranzit və logistika istiqamətlərində ardıcıl şəkildə genişlənir. İki ölkə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əməkdaşlığı dərinləşdirir, eyni zamanda energetika sahəsində elektrik və təbii qaz mübadiləsi üzrə birgə layihələr həyata keçirilir.
Tərəflər qarşılıqlı ticarət dövriyyəsinin artırılması, sərhədyanı iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye əməkdaşlığı və investisiya layihələrinin təşviqi istiqamətində də əməkdaşlığı davam etdirirlər. Enerji sektoru isə iki ölkə arasında iqtisadi münasibətlərin əsas istiqamətlərindən biri olaraq qalır.
Enerji sahəsi Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Tərəflər qaz ticarəti, svop əməliyyatları və regional enerji layihələri üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində dialoqu davam etdirirlər.
İran tərəfi də bu əməkdaşlığın inkişafında maraqlı olduğunu bəyan edir.
İranın neft nazirinin müavini və Milli Qaz Şirkətinin icraçı direktoru Səid Təvəkkoli Trend-ə eksklüziv müsahibəsində bildirib ki, Tehran Azərbaycanla qaz mübadiləsi və svop əməliyyatlarının genişləndirilməsinə hazırdır.
"İranın qaz infrastrukturu qaz svopu və mübadiləsi üzrə əməkdaşlıq üçün bütün imkanlara malikdir. Bu istiqamətdə müzakirələr aparılır və ümid edirik ki, onlar yaxın gələcəkdə praktik addımlarla nəticələnəcək", – deyə o bildirib.
Təvəkkolinin sözlərinə görə, İranın Milli Qaz Şirkəti ilə SOCAR arasında uzunmüddətli qaz müqaviləsinin müddəti yenidən uzadılıb və mövcud əməkdaşlıq uğurla davam edir.
"Azərbaycanın digər qonşu ölkələrlə İran üzərindən qaz svopu və mübadiləsi üzrə razılaşmaları olacağı təqdirdə, İran bu əməkdaşlığa tam hazırdır", – deyə nazir müavini Trend-ə bildirib.
O qeyd edib ki, İranın 2029-cu ilədək iqtisadi inkişaf proqramında qonşu ölkələr və MDB məkanı ilə qaz ticarətinin, tranzit və svop əməliyyatlarının genişləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu baxımdan Tehran Türkmənistan və digər qonşu ölkələrin qazının İran üzərindən üçüncü bazarlara nəqlinə də açıqdır.
