Bakı. Trend:
Braziliyanın neft-qaz şirkəti Petrobras və Meksikanın dövlət neft şirkəti Pemex karbohidrogenlərin birgə hasilatı barədə razılığa gəliblər.
Bu barədə Meksikanın Energetika Nazirliyinin iyunun 23-də yaydığı bəyanatda deyilir.
“Petrobras və Petróleos Mexicanos (Pemex) bu gün karbohidrogen sektorunda layihələrin birgə qiymətləndirilməsi, işlənməsi və həyata keçirilməsi məqsədilə strateji və texniki əməkdaşlığın qurulmasına dair anlaşma memorandumu imzalayıblar. Alyans kəşfiyyat və hasilat sahələrində imkanların inkişafını da əhatə edir”, - sənəddə qeyd olunur.
Kəşfiyyat və hasilat seqmentində şirkətlər yetkin yataqların yenidən canlandırılmasına və təkrar seysmik tədqiqatların aparılmasına yönəlmiş təşəbbüsləri qiymətləndirəcəklər. Meksika körfəzində dərin və ultra dərin dəniz sahələrinin, eləcə də ağır və ultra ağır neft ehtiyatlarının, o cümlədən potensial duzaltı yataqların işlənməsinə xüsusi diqqət yetiriləcək.