Bakı. Trend:
Azərbaycan Cənubi Qafqazın həm ərazi, həm əhali, həm iqtisadi, həm də hərbi güc və digər elementlər baxımından ən böyük dövlətidir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov “Azərbaycan orta güc kimi: Xarici siyasət, regional təsir və qlobal iştirak” mövzusunda keçirilən konfransda çıxışında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda çox güclərin marağı var:
“Cənubi Qafqaz elə bir regiondur ki, burada bir çox güclərin marağı var. Belə bir regionun lider dövləti olmaq həm də ciddi məsuliyyət deməkdir. Onu da mütləq vurğulamaq lazımdır ki, Azərbaycanın potensialı regiondan daha böyükdür. Məsələn, Azərbaycanın Yaxın Şərqdə, Avropada təsiri buna bariz nümunədir”.
Eldar Namazov qeyd edib ki, dövlətlərin gücünü müəyyənləşdirən amillər artıq dəyişib:
“Bu gün biz rəqəmsal dünyada yaşayırıq, hətta hərb sahəsində belə süni intellekt önəmli faktora çevrilməkdədir. Bu onu göstərir ki, dünya çox sürətli dəyişir, bu mənada, hər bir ölkə öz statusunu qorumaq üçün addımlar atmalıdır və Azərbaycan bunu edir”.
Xatırladaq ki, konfransın əsas məqsədi Azərbaycanın beynəlxalq
sistemdə artan rolunu müzakirə etmək, bu istiqamətdə aparılan
araşdırmaların nəticələrini təqdim etmək və yeni təkliflər
ətrafında fikir mübadiləsi aparmaqdır.
Qeyd edək ki, tədbirdə dövlət qurumlarının, beyin mərkəzlərinin,
ali təhsil müəssisələrinin və digər akademik qurumların
nümayəndələri, millət vəkilləri, ekspertlər, gənc tədqiqatçılar və
media nümayəndələri iştirak edirlər.
