Bakı. Trend:
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın zərər görən nüvə obyektlərinə baxış keçirməsi üçün heç bir təlimat yoxdur.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.
“Ümumiyyətlə İsveçrədə baş tutan İran və ABŞ arasında müzakirələr çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə hər hansı görüş olmayıb. Üstəlik ABŞ və İsrailin İranın nüvə obyektlərinə hərbi hücumu nəticəsində İranın zərər görən nüvə obyektlərinə baxış keçirmək üçün heç bir təlimat yoxdur”, - deyə o bildirib.
Bəqai qeyd edib ki, İran Nüvə Silahlarının Yayılmamasına dair Sazişə (NPT) üzv olaraq və nəzarət razılaşmalarını yerinə yetirən tərəf olaraq hazırkı prosesi davam etdirir və hazırkı proses də tam şəkildə aydındır.
Nazirlik rəsmisi qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Direktorlar Şurasının qətnaməsi ilə əlaqədar Rusiya, Çin və Niger dövlətlərinin əleyhinə səs verməsi İran tərəfindən alqışlanır. Eyni zamanda bitərəf səs verməklə bu qətnaməyə bir növ qarşı çıxdıqlarını bəyan edən ölkələrin addımı da təqdirəlayiqdir.
“Əlbəttə İran ABŞ və İsrailin İrana hücumlarının şahidi olan bəzi ölkələrin yenə də sözügedən qətnamənin lehinə səs verməsindən gileylidir. Habuki öz nüvə obyektlərinin kənarında kiçik partlayış olduğu halda, hansı şəkildə reaksiya verdikləri bəllidir. Buna görə, İran ikili davranışı əsla qəbul etmir”, - deyə o qeyd edib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb. Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə minib.
21 iyunda İran və ABŞ arasında müzakirələrin ilk raundu Pakistan və Qətərin vasitəçiliyi ilə baş tutub.
