Bakı. Trend:
Turizm şirkəti və ya hər hansı vasitəçi gələcəkdə kimə satacağını bilmədiyi halda bir neçə bilet alıb saxlaya bilməz.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov sosial şəbəkələrdə Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin vasitəçilər və turizm şirkətləri tərəfindən toplu şəkildə alınıb yenidən satılması ilə bağlı iddialara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, sosial mediada yayılan elan və paylaşımlar, eləcə də satış statistikası və sərnişinlərin bilet alışı davranışları mütəmadi olaraq izlənilir və təhlil edilir: “Turizm şirkəti və ya hər hansı vasitəçi gələcəkdə kimə satacağını bilmədiyi halda bir neçə bilet alıb saxlaya bilməz. Çünki hər bir bilet satış anında konkret sərnişinin adına rəsmiləşdirilir və sonradan başqa şəxsə ötürülməsi və ya əvvəlcədən alınıb sonradan satılması mümkün deyil. Sistem alınmış biletin başqa şəxsin adına dəyişdirilməsinə icazə vermir. Bilet yalnız qaytarıla bilər və bu halda həmin bilet yenidən açıq satışa çıxarılır. Bu mexanizm bilet satışında sui-istifadə hallarının, xüsusilə vasitəçilər və turizm şirkətləri tərəfindən biletlərin kütləvi şəkildə alınaraq sonradan satılmasının qarşısını alır”.
Azər Fərəcov əlavə edib ki, sosial şəbəkələrdə səsləndirilən iddialardan biri də Bakı–Tbilisi qatarlarının doluluğu ilə bağlıdır: “Qatar Bakıdan yola düşərkən tam dolu olmaya bilər, bu normaldır, çünki sərnişinlərin hamısı səfərə Bakı Dəmiryol Vağzalından başlamır. Bakı–Tbilisi–Bakı qatarları Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında da dayanır və sərnişinlər bu məntəqələrdən də qatara minirlər. Məsələn, 25 may – 22 iyun tarixlərində Bakıdan Tbilisiyə 6136, Yevlaxdan 909, Gəncədən 1345, Ağstafadan isə 492 nəfər səfər edib. Əks istiqamətdə isə Tbilisidən Bakıya 5592, Gəncəyə 1048, Yevlaxa 1522, Qardabanidən Bakıya isə 381 nəfər səyahət edib.
Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin satışa çıxarıldığı 21 may 2026-cı il tarixindən indiyədək ümumilikdə təxminən 20 min bilet alınıb, onlardan təxminən 5 min ədədi kassalar vasitəsilə satılıb.”
