Hamburq. Trend
Almaniyanın Hamburq şəhərində “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) "AerCap" şirkəti ilə lizinq müqaviləsi çərçivəsində təchiz edilən ilk "Airbus A321neo" təyyarəsinin təhvil verilməsinə həsr olunmuş mediatur keçirilib.
Trend-in xüsusi müxbiri xəbər verir ki, proqram çərçivəsində bu gün media nümayəndələri üçün "Airbus" şirkətinin təmsilçisinin iştirakı ilə brifinq təşkil olunub.
"Airbus"ın kommersiya marketinqi üzrə nümayəndəsi Malhar Pendse bildirib ki, Azərbaycan uzun illərdir şirkətin etibarlı tərəfdaşıdır.
“Bu əməkdaşlığı davam etdirməkdən çox məmnunuq. "Airbus" dayanıqlı aviasiya sahəsində öncül şirkətdir və daha əlaqəli, dünyaya açıq cəmiyyətin formalaşmasına töhfə verir”, - deyə o bildirib.
M.Pendse qeyd edib ki, "Airbus" kommersiya təyyarələri istehsal edən aparıcı qlobal şirkətlərdən biridir.
“Biz bazarın bütün ehtiyaclarını qarşılamağa çalışırıq və dar gövdəli təyyarələrdən geniş gövdəli təyyarələrə qədər geniş məhsul xətti təqdim edirik. Bu gün “Azərbaycan Hava Yolları”na təhvil verilən ilk "Airbus A321neo" təyyarəsi dar gövdəli hava gəmiləri ailəsinə daxildir”, - deyə o vurğulayıb.
Şirkətin fəaliyyət miqyasından danışan M.Pendse bildirib ki, ötən ayın sonuna olan məlumata görə, "Airbus" dünya üzrə 450-dən çox müştəriyə 26,2 mindən artıq təyyarə satıb və ya təhvil verib.
“Bu o deməkdir ki, dünyanın demək olar ki, hər bir kommersiya hava limanında həm dar, həm də geniş gövdəli "Airbus" təyyarələrini görmək mümkündür. Dar gövdəli təyyarələr ailəmiz bazarın bu seqmentindəki tələbatı tam qarşılamaq üçün hazırlanıb və 100-dən 244-ə qədər sərnişin tutumuna malik modelləri əhatə edir”, - deyə o əlavə edib.
Daha sonra o qeyd edib ki, uzaqmənzilli daşımalar seqmentində “A321neo” faktiki olaraq uzun marşrutlar anlayışını yenidən formalaşdırmağa başlayıb.
“Bu təyyarə bu gün müşahidə etdiyimiz dar gövdəli təyyarələr inqilabına liderlik edir.
Hazırda o, dar gövdəli aviasiya seqmentində bütün uzaqmənzilli daşımalar bazarının təxminən 40 faizini tutur. Son 10 il ərzində bu səviyyəyə çatmağa nail olub.
Texnologiyalar əvvəlki nəsil təyyarələrlə müqayisədə hər oturacaq üzrə yanacaq sərfiyyatını 20 faizədək azaltmağa imkan verir.
Biz həmçinin salonun təkmilləşdirilməsinə diqqət yetirmişik. Aviaşirkətlərə interyerin öz tələbatlarına uyğun layihələndirilməsi üçün çeviklik təqdim edirik – geniş gövdəli təyyarələrdə rast gəlinən tam açılan kreslolardan tutmuş 244 ekonom sinif oturacağı olan konfiqurasiyalara qədər. Bu da aviaşirkətlərə sərnişinlərə daha aşağı tariflər təklif etmək imkanı yaradır”, - deyə Pendsa bildirib.
Onun sözlərinə görə, əsas prioritetlərdən biri də aviaşirkətlərin gəlirliliyidir.
“Biz əvvəlki nəsil təyyarələrlə müqayisədə hər oturacaq üzrə xərcləri təxminən 20 faiz azaltmağı təmin edirik. Bu, aviaşirkətlərə gəlirlərini maksimumlaşdırmağa, eyni zamanda sərnişinlər üçün yüksək komfort səviyyəsini qorumağa kömək edir.
“A321” təyyarəsinin dar gövdəli seqmentdə uzaqmənzilli daşımalar sahəsində yaratdığı inqilabın miqyasını anlamaq üçün 2014-cü ildə “A321” marşrutlarının xəritəsinə baxmaq kifayətdir.
Həmin dövrdə təyyarə artıq populyar idi, lakin əsasən qitədaxili marşrutlarda – ABŞ daxilində, Avropa və Asiya daxili reyslərdə istifadə olunurdu.
İndi isə 10 il irəliyə nəzər salaq.
“A321neo” artıq bütün dünyada istismar olunur. Bu, müxtəlif qitələri birləşdirən və dünyanın çoxsaylı şəhərlərini yaxınlaşdıran qlobal təyyarədir.
Bu da sərnişinlər üçün bortda son dərəcə rahat səyahət təcrübəsi yaradır.
Bu gün “A321neo” əməliyyatlarının 15 faizdən çoxu uzaqmənzilli marşrutların payına düşür. Maraqlıdır ki, həmin uzaqmənzilli reyslərin 85 faizində tam funksional biznes sinfi mövcuddur ki, bu da sərnişinlər üçün maksimum rahatlıq təmin edir.
“A321neo” öz sinfində olan dar gövdəli təyyarələr arasında ən yüngül salon konstruksiyasına malikdir.
O, aviaşirkətlərə salonun öz tələbatlarına uyğun fərdiləşdirilməsi üçün geniş imkanlar təqdim edir. Bununla belə, əsas amil sərnişin rahatlığı olaraq qalır. Rahatlıq isə yalnız oturacaqlarla məhdudlaşmır.
Biz salonun digər elementlərini də təkmilləşdirmişik. Məsələn, sərnişinlərin əl yükünü yerləşdirdiyi genişləndirilmiş baqaj rəfləri (XL bins) buna nümunədir. Yüksək komfort səviyyəsini qorumaq üçün təyyarə əvvəlki nəsillə müqayisədə 60 faizədək daha çox baqaj yerləşdirmə imkanı təqdim edir”, - deyə o vurğulayıb.
Pendsa bildirib ki, “A320neo” ailəsində quraşdırılmış yeni mühərriklər əvvəlki nəsil təyyarələrlə müqayisədə hər oturacaq üzrə təxminən 20 faiz daha az yanacaq sərfiyyatına imkan yaradır.
O vurğulayıb ki, Azərbaycanın Avropa ilə Asiya arasında çox mühüm coğrafi mövqeyi var və ölkə şirkət üçün vacib müştərilərdən biridir.
Sonra mediatur iştirakçıları üçün “Airbus”ın istehsal sahələrinə ekskursiya olub. Burada "A320" və "A350" təyyarələri ailələrinin yığım xətləri nümayiş etdirilib. Jurnalistlərə təyyarələrin istehsalının əsas mərhələləri, o cümlədən konstruksiyaların yığılması, avadanlıqların quraşdırılması və son montaj xəttinin işi təqdim olunub.
Proqramın əsas hadisəsi AZAL-a ilk "Airbus A321neo" təyyarəsinin rəsmi təhvil verilməsi mərasimi olacaq.
Tədbir iştirakçılarına həmçinin “A321neo: təyyarənin yaradılma yolu” adlı videoçarx nümayiş etdiriləcək. Daha sonra hava gəmisinin Azərbaycanın milli aviadaşıyıcısına təhvil verilməsini simvolizə edən xatirə mükafatlarının təqdim olunması mərasimi keçirilib.
