Azərbaycan və Türkmənistan əməkdaşlığı yeni strateji mərhələyə qədəm qoyur - Azər Qarayev

Siyasət Materials 23 İyun 2026 16:34 (UTC +04:00)
Azərbaycan və Türkmənistan əməkdaşlığı yeni strateji mərhələyə qədəm qoyur - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan çoxsaylı sənədlər və verilən siyasi mesajlar göstərir ki, Bakı ilə Aşqabad arasında əməkdaşlıq artıq ənənəvi dostluq münasibətlərinin sərhədlərini aşaraq daha sistemli və strateji xarakter almaqdadır.

Bunu Trend-ə politoloq Azər Qarayev deyib.

"Azərbaycan və Türkmənistanı təkcə ortaq tarix, dil və mədəniyyət deyil, həm də müasir geosiyasi və iqtisadi maraqlar birləşdirir. Son illərdə hər iki ölkənin regional nəqliyyat-logistika layihələrində fəal iştirak etməsi, enerji təhlükəsizliyi məsələlərində artan rolu və Türk dünyasında inteqrasiya proseslərinə verdiyi töhfə münasibətlərin yeni məzmun qazanmasına səbəb olub.

Prezident İlham Əliyevin geniş tərkibdə görüş zamanı səsləndirdiyi fikirlər də bu istiqamətdə diqqət çəkir. Hazırda qarşıda qlobal gündəlikdə olan məsələlərin - nəqliyyat və enerji təhlükəsizliyinin dayandığını vurğulayan dövlətimizin başçısı bu xüsusda Azərbaycanın və Türkmənistanın həm milli səviyyədə, həm də birgə təşəbbüslər vasitəsilə yalnız regionda deyil, həm də qlobal səviyyədə çox mühüm rol oynadıqlarını, bu rolun gələcəkdə daha da artacağını dedi. Bu fikir əslində iki ölkənin gələcək əməkdaşlığının əsas xəttini müəyyənləşdirir. Son illərdə dünyada geosiyasi gərginliklərin artması, yeni ticarət marşrutlarına ehtiyacın yaranması və enerji bazarlarında baş verən dəyişikliklər Xəzər regionunun əhəmiyyətini daha da artırıb. Azərbaycan və Türkmənistan isə bu proseslərin mərkəzində yer alan dövlətlər sırasındadır", - o bildirib.

Onun sözlərinə görə, səfərin ən mühüm nəticələrindən biri müxtəlif sahələri əhatə edən geniş sənəd paketinin imzalanması oldu.

"Bu sənədlər arasında xüsusilə energetika sahəsində əməkdaşlıq haqqında saziş xüsusi diqqət çəkir. Hər iki ölkə zəngin karbohidrogen ehtiyatlarına malikdir və enerji sektorunda qarşılıqlı fəaliyyət uzun illərdir münasibətlərin əsas istiqamətlərindən biri hesab olunur. Yeni saziş isə bu əməkdaşlığın daha sistemli və institusional əsaslarla davam etdirilməsi üçün hüquqi baza yaradır. Bununla yanaşı, iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında saziş də strateji əhəmiyyət daşıyır. Bu sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi və yeni biznes layihələrinin həyata keçirilməsi baxımından mühüm platforma rolunu oynaya bilər.

Nəqliyyat və logistika sahəsində imzalanan sənədlər də xüsusi vurğulanmalıdır. Daşınan mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinə dair texniki şərtlərin təsdiqlənməsi yükdaşımaların sürətləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və tranzit imkanlarının genişləndirilməsi üçün vacib addım hesab olunur. Müasir dövrdə beynəlxalq ticarətin sürəti və effektivliyi böyük ölçüdə məhz bu cür texniki mexanizmlərdən asılıdır", - o bildirib.

A.Qarayev qeyd edib ki, Azərbaycan və Türkmənistan arasında nəqliyyat əməkdaşlığı artıq ikitərəfli münasibətlər çərçivəsini çoxdan aşaraq regional əhəmiyyət daşıyan məsələyə çevrilib.

"Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Qafqaz və Avropa ilə birləşdirən marşrutlar hər iki ölkənin iqtisadi potensialını artırmaqla yanaşı, Avrasiyanın logistika xəritəsində onların mövqelərini gücləndirir. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqama xüsusi diqqət çəkərək bildirib: "Bu gün dünyada öz aralarında əməkdaşlıq edən ölkələri birləşdirən çox etibarlı, təhlükəsiz nəqliyyat marşrutları o qədər də çox deyil". Bu fikir son illərdə beynəlxalq ticarət sistemində baş verən dəyişikliklərin fonunda xüsusilə aktual görünür. Müxtəlif regionlarda baş verən münaqişələr, ticarət marşrutlarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar və yeni iqtisadi mərkəzlərin formalaşması Azərbaycan və Türkmənistan kimi tranzit ölkələrin əhəmiyyətini artırır. Bakı və Aşqabadın nəqliyyat sahəsində əməkdaşlığı məhz bu reallıqlar fonunda daha böyük strateji məna kəsb edir", - o bildirib.

Politoloq vurğulayıb ki, səfər çərçivəsində humanitar və mədəni əlaqələr də diqqət mərkəzində olub.

"Son illərdə qarşılıqlı Mədəniyyət Günlərinin təşkili, yaradıcı kollektivlərin səfərləri və humanitar layihələr xalqlar arasında yaxınlığın daha da möhkəmlənməsinə xidmət edir. Bu əməkdaşlıq siyasi və iqtisadi əlaqələrin davamlı inkişafı üçün mühüm sosial baza formalaşdırır. Xüsusilə Füzuli şəhərində Türkmənistanın maliyyə dəstəyi ilə tikilən məscid layihəsi münasibətlərin mənəvi ölçüsünü nümayiş etdirən simvolik addımlardan biridir. Prezident İlham Əliyev bununla bağlı bildirib: "Qarabağın bərpasında köməyə görə Türkmənistana, əziz qardaşım Arkadağ Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova bir daha təşəkkürümü bildirmək istərdim. O, ötən ilin iyulunda ölkəmizə səfər edərkən Füzuli şəhərində məscidin tikintisi təşəbbüsünü irəli sürdü və artıq tikintiyə başlanılıb. Bu, Türkmənistanın, onun Ümummilli Liderinin və bütün qardaş Türkmənistan xalqının Azərbaycana səmimi, dostcasına münasibətinin daha bir göstəricisi idi". Bu layihənin əhəmiyyəti yalnız dini və ya memarlıq aspekti ilə məhdudlaşmır. Söhbət işğaldan azad edilmiş ərazilərin bərpasına qardaş ölkənin verdiyi dəstəkdən gedir. Bu isə münasibətlərin emosional və mənəvi tərəfini daha da gücləndirir", - A.Qarayev bildirib.

Onun sözlərinə görə, imzalanmış sənədlər arasında səhiyyə, kənd təsərrüfatı, qida təhlükəsizliyi, əmək və sosial müdafiə, idman və sənaye sahələrini əhatə edən memorandumlar da diqqətəlayiqdir.

"Bu sənədlər göstərir ki, tərəflər əməkdaşlığı yalnız böyük geosiyasi və iqtisadi layihələrlə məhdudlaşdırmaq niyyətində deyillər. Əksinə, məqsəd dövlət idarəçiliyindən tutmuş sosial sahələrə qədər geniş spektrdə qarşılıqlı təcrübə mübadiləsi və əlaqələrin dərinləşdirilməsidir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun çıxışında səsləndirdiyi "Türkmənistan və Azərbaycan Respublikası arasında əməkdaşlıq bütün əsas sahələr üzrə inkişaf edəcək" fikri də məhz bu yanaşmanı əks etdirir. İmzalanmış sənədlərin siyahısına baxdıqda bu bəyanatın konkret praktiki addımlarla müşayiət olunduğu aydın görünür", - o bildirib.

A.Qarayev qeyd edib ki, digər mühüm məqam isə Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin yeni mərhələyə qədəm qoymasıdır.

"Son illərdə Bakı region dövlətləri ilə münasibətləri əhəmiyyətli dərəcədə genişləndirib. Türkmənistanla əməkdaşlığın intensivləşməsi də bu siyasətin tərkib hissəsidir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasında tamhüquqlu üzv kimi təmsil olunması ölkənin regionla əlaqələrinin daha da dərinləşəcəyindən xəbər verir.

Bütün bunlar göstərir ki, Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri sadəcə diplomatik protokol tədbiri deyil. Səfər nəticəsində əldə olunan razılaşmalar, imzalanan sənədlər və verilən siyasi mesajlar Azərbaycan-Türkmənistan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirir.

Bu gün Bakı və Aşqabad nəqliyyat dəhlizlərinin inkişafından enerji əməkdaşlığına, humanitar əlaqələrdən iqtisadi tərəfdaşlığa qədər bir çox istiqamətlərdə ortaq maraqlara malikdir. Qlobal geosiyasi dəyişikliklərin sürətləndiyi bir dövrdə bu əməkdaşlıq yalnız iki ölkənin deyil, bütövlükdə Xəzər regionunun və Türk dünyasının gələcək inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır", - politoloq əlavə edib.

Xəbər lenti

Xəbər lenti