Bakı. Trend:
"PAŞA Bank"ın IPO-su bir mərhələnin sonu, yeni dövrün başlanğıcıdır.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu “PAŞA Kapital”ın Baş direktoru İsi Mustafayev Bakı Fond Birjasında baş tutan "PAŞA Bank” ASC səhmlərinin kütləvi təklifi üzrə emissiyanın qeyd olunması və səhmlərlə təkrar bazar əməliyyatlarının başlanmasına həsr olunmuş “Açılış Zəngi” mərasimində deyib.
İsi Mustafayev bildirib ki, “PAŞA Bank”ın IPO-su ölkədə kapital bazarlarının inkişafına mühüm töhfə verməklə yanaşı, xüsusilə fərdi investorların bu bazara yüksək maraq göstərdiyini bir daha nümayiş etdirib.
“Biz bütün görüşlərdə vurğulayırdıq ki, "PAŞA Bank"ın IPO-dakı əsas məqsədlərindən biri kapital bazarlarının inkişafına dəstək verməkdir. Bu baxımdan həm bankın səhmdarlarına və təsisçilərinə, həm də rəhbərliyinə təşəkkürümü bildirirəm. Onlar bu alətin formalaşmasına və kapital bazarlarının inkişafına mühüm töhfə veriblər”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, IPO prosesi təxminən iki ay davam edib və bu müddət ərzində bütün iştirakçılar üçün əhəmiyyətli təcrübə əldə olunub.
“Bu müddətdə çox şey öyrəndik, yeni təcrübələr qazandıq. Bu prosesdə bizə dəstək olan hər bir şəxsə və quruma təşəkkür edirəm. İlk növbədə Azərbaycan Mərkəzi Bankına, Bakı Fond Birjasına, Milli Depozit Mərkəzinə, həmçinin anderrayter qismində çıxış edən "ABB İnvest’", ‘"Unicapital" və "PAŞA Kapital"a, eləcə də prosesə dəstək göstərən digər investisiya şirkətlərinə minnətdarlığımı bildirirəm”, – deyə İsi Mustafayev vurğulayıb.
Baş direktor qeyd edib ki, IPO-nun başa çatması bir mərhələnin yekunu olsa da, eyni zamanda yeni dövrün başlanğıcıdır.
“Yaxın vaxtlarda "PAŞA Bank"ın səhmləri üzrə təkrar bazar formalaşacaq. Marketmeyker olaraq bizim əsas vəzifəmiz bu bazarda likvidliyin qorunması və investorların təkrar bazara olan etimadının saxlanılması istiqamətində fəaliyyət göstərmək olacaq”, – deyə o bildirib.
İsi Mustafayev çıxışının sonunda IPO prosesində iştirak edən bütün tərəflərə təşəkkür edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Çox uğurlu bir yol keçdik. Bu prosesdə birbaşa və ya dolayısı ilə əməyi olan hər kəsə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram”, – deyə o əlavə edib.
