Bakı. Trend:
ABŞ tərəfindən əsas ticarət tərəfdaşlarının, demək olar ki, hamısına qarşı genişmiqyaslı gömrük rüsumlarının tətbiqindən sonra qlobal iqtisadiyyata dair proqnozlar kəskin şəkildə pisləşib
Trend bu barədə Fitch Solutions qrupuna daxil olan BMI təşkilatına istinadən xəbər verir.
Ekspertlərin hesablamalarına görə, ABŞ-də orta effektiv rüsum on dəfə artaraq təxminən 25 faizə çatıb. Nəticə etibarilə BMI 2025-ci il üzrə qlobal real ÜDM artımı proqnozunu 2,5 faizdən 2,1 faizə endirib – bu, COVID-19 pandemiyası və 2008-ci il qlobal maliyyə böhranı istisna olmaqla, son iyirmi ildə dünya iqtisadiyyatının ən zəif artım tempi olacaq.
“Hesabatda deyilir ki, bu tarif şoku dünya iqtisadiyyatının hər yerində hiss olunur”. Proqnozları ciddi şəkildə aşağı salınan ölkələr arasında ABŞ (1,9 faizdən 1,2 faizə), Çin (4,5 faizdən 4,0 faizə) və Almaniya (0,6 faizdən 0,1 faizə) yer alır.
BMI rüsumların artımının iqtisadi artıma təsir göstərdiyi dörd əsas kanalı fərqləndirir: qiymət artımı və ticarət həcminin azalması, biznes fəaliyyəti və məşğulluğa təsir edən qeyri-müəyyənliyin artması, səhm bazarlarında eniş və işsizliyin yüksəlməsi fonunda ev təsərrüfatlarının rifahının zəifləməsi, eləcə də, maliyyə şərtlərinin sərtləşməsi nəticəsində kreditləşmə və investisiyaların məhdudlaşması.
Qısa müddətdə ABŞ-nin əlavə gömrük rüsumları (məsələn, 232-ci bölmə çərçivəsində əczaçılıq məhsulları və yarımkeçiricilərə) tətbiq etməklə tarif dərəcəsini bir qədər artıracağı gözlənilir. Lakin BMI gələcəkdə bu göstəricinin tədricən azalacağını proqnozlaşdırır.
“Hesabatda bildirilir ki, ticarət danışıqları irəlilədikcə, ABŞ-da orta effektiv tarif dərəcəsinin 2025-ci ilin sonuna qədər təxminən 16 faizə enəcəyini güman edirik. 232-ci bölmə çərçivəsində tətbiq edilən bir çox rüsumlar – xüsusilə avtomobil kimi "strateji" mallara olanlar – qüvvədə qalsa da, aprel ayında tətbiq olunmuş qarşılıqlı tariflərin dialoq yolu ilə azaldılması üçün imkanlar mövcuddur”.
Ticarət danışıqlarının əsasən qeyri-tarif maneələrə – bazarlara çıxış, “dempinq” praktikası, yerli tənzimləmə və valyuta məzənnəsinə müdaxilə kimi məsələlərə yönələcəyi gözlənilir. ABŞ-nin əksər ticarət tərəfdaşlarının tarifləri artıq bu il 10–20 faiz səviyyəsinə endirə biləcəyi ehtimal olunur. Lakin Çinlə bağlı proqnoz mənfi olaraq qalır.
“Vaşinqton və Pekin arasında konstruktiv dialoqun olmaması səbəbilə, ABŞ-ın Çin məhsullarına tətbiq etdiyi effektiv tarif dərəcəsinin yalnız təxminən 45 faizə qədər azalacağını gözləyirik”, – deyə BMI xəbərdarlıq edir.
Hesabatda cari proqnozun yüksək dərəcədə qeyri-müəyyən olduğu qeyd olunur ki, bu da danışıqların uzanması və ya yeni tarif təhdidləri ilə bağlıdır. “Danışıqlarda hər hansı ləngimə və ya yeni təhdidlər yüksək tarif dərəcələrinin 2026-cı ilə qədər qüvvədə qalmasına səbəb ola bilər”, – ekspertlər bildirir. “Əgər ABŞ ilə Avropa və ya Çin arasında danışıqlar uğursuzluqla nəticələnsə, genişmiqyaslı ticarət eskalasiyası ehtimalı yüksəkdir”.
BMI hesab edir ki, Avropa İttifaqı kimi iqtisadiyyatlar ABŞ-ın addımlarına təmkinlə cavab verəcək. Lakin əgər genişmiqyaslı cavab rüsumları tətbiq edilərsə, Trans-Atlantik ticarət münaqişəsinin kəskinləşməsi ehtimalı yüksək olacaq.