Bakı. Trend:
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mərkəzi rol oynamağ davam edir, Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq isə enerji sahəsinin də ötəsindədir.
Trend xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Vaxtanq Tsintadze Bakı Enerji Forumunda etdiyi çıxışda deyib.
Onun sözlərinə görə, Gürcüstanın bu tədbirdə iştirakı Tbilisi ilə Bakı arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini bir daha nümayiş etdirir.
“Gürcüstan lap əvvəldən Azərbaycanla birlikdə Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsidir. Bu dəhliz təkcə bizim ölkəmiz üçün deyil, bütövlükdə Avropa üçün etibarlı enerji mənbəyidir. Azərbaycan enerji sahəsində və digər strateji istiqamətlərdə də etibarlı tərəfdaşdır”, – deyə o bildirib.
Nazir müavini həmçinin “yaşıl” enerji sahəsindəki birgə layihələrin – Gürcüstan-Rumıniya interkonnektoru və Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan enerji dəhlizinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu təşəbbüslər tədarük marşrutlarının şaxələndirilməsinə və Avropa İttifaqının enerji dayanıqlığının möhkəmləndirilməsinə töhfə verəcək.