Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir N.İsmayılova/
Azərbaycanın sığorta şirkəti "Paşa Həyat" ölkənin Mərkəzi Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil agenti olub. Bu barədə çərşənbə axşamı fondun məlumatında deyilir.
Beləliklə, AİF-in sığorta şirkətlərinin agentlərinin sayı 18-ə çatıb. 2011-ci il fevralın 14-dən fəaliyyət göstərən "Paşa Həyat" şirkətinin təsisçisi "Paşa Holdinq"dir. Şirkətin nizamnamə kapitalı 7 milyon manat təşkil edir.
Azərbaycan İpoteka Fondu 2005-ci ilin sentyabrında Azərbaycan Prezidentinin fərmanı ilə dövlət təşkilatı qismində yaradılıb. Onun nizamnaməsi Prezidentin ayrıca fərmanı ilə 2005-ci ilin dekabrında təsdiq edilib. AİF-in əsas məqsədi Azərbaycan vətəndaşlarının uzunmüddətli maliyyələşdirmə vasitəsilə mənzillərlə təmin edilməsi üçün maliyyələşmə mexanizmlərinin yaradılmasından, eləcə də ipoteka kreditləşməsinə daxili və xarici investisiyaların cəlb edilməsindən ibarətdir.
Hazırda İpoteka Fondunun müvəkkil agenti qismində 22 bank, 18 sığorta şirkəti və 12 qiymətləndirmə təşkilatı çıxış edir.
Aprelin 7-nə olan rəsmi məzənnə 0,7923 AZN/USD təşkil edir.