...

Nəqliyyat Paris Sazişi məqsədlərinə nail olmaq səylərində əsas sektordur – Çilinin nəqliyyat naziri

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2024 13:06 (UTC +04:00)
Nəqliyyat Paris Sazişi məqsədlərinə nail olmaq səylərində əsas sektordur – Çilinin nəqliyyat naziri
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Nəqliyyat Paris Sazişi məqsədlərinə nail olmaq səylərində əsas sektordur.

Trend xəbər verir ki, bunu Çilinin nəqliyyat və telekommunikasiya naziri Xuan Karlos Munyos, COP29 çərçivəsində keçirilən "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunda yüksək səviyyəli dəyirmi masada çıxışə zamanı deyib.

"Gələn Milli Səviyyədə Müəyyən Olunmuş Töhfələrin (NDC) növbəti raundu 2025-ci ilin fevralına qədər təqdim olunmalıdır. Bu töhfələr iqlim dəyişikliyinin təsirini azaltmaq və Paris Sazişi məqsədlərinə nail olmaq üzrə kollektiv öhdəliyimizi ifadə edir. Hamımızın yaxşı başa düşdüyümüz kimi, nəqliyyat bu səylərdə əsas sektordur. Bu sektor enerjiyə bağlı CO2 emissiyalarının 23 faizini təşkil edərək qlobal istixana qazı emissiyalarına əhəmiyyətli töhfə verir.

Lakin acı reallıq ondan ibarətdir ki, bu sektor Paris Sazişi üzrə öhdəliklərimizə uyğun olaraq dekarbonizasiya yolunda hərəkət etmir. Qlobal emissiyalara olan təsirinə baxmayaraq, mövcud NDC-lərin yalnız 33 faizi nəqliyyat sektorunda emissiyaların azaldılması üçün konkret hədəfləri əhatə edir. Halbuki NDC-lərin əksəriyyəti nəqliyyat tədbirlərinə toxunur, lakin onların əhatə dairəsi və detalları çox fərqlidir", - deyə o qeyd edib.

Nazirin sözlərinə görə, belə uyğunsuzluq, əgər dayanıqlı gələcək qurmağa ciddi yanaşırıqsa, aradan qaldırmalı olduğumuz boşluq yaradır.

"Bu boşluğu aradan qaldırmaq üçün MFT Katibliyi tərəfindən hazırlanmış nəqliyyatın milli müəyyənləşdirilmiş töhfələrə inteqrasiyası üzrə yeni rəhbər sənədi elan etməkdən və təqdim etməkdən məmnunam. Bu sənəd nəqliyyat məsələsinə yanaşmada dönüş nöqtəsi olacaq vacib bir resursdur.

Vurğulamaq lazımdır ki, bu sənəd məcburi xarakter daşımır. Əksinə, hökumətlərin öz milli şəraitlərinə, inkişaf yollarına və yanaşmalarına uyğunlaşdıra biləcəyi kompleks bir çərçivə təklif edir. Hər bir ölkə özünəməxsus çağırışlar, imkanlar və prioritetlərlə üzləşir və NDC-lər bu müxtəlifliyi əks etdirməklə Paris Sazişi məqsədlərinə uyğun olmalıdır", - deyə Munyos əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti