...

Litva xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Mart 2011 16:06 (UTC +04:00)
Audronyus Ajubalis bu gün Vilnüsdə ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradke, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabaq üzrə şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşəcək.
Litva xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis bu gün Vilnüsdə ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradke, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabaq üzrə şəxsi nümayəndəsi Anji Kaspşiklə görüşəcək. Bu barədə "ELTA" informasiya agentliyi məlumat verir.

Nazir ATƏT-in Minsk qrupunun nümayəndələri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların gedişini və gələcək planları, Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin martın 5-də Soçidə keçirilən üçtərəfli görüşünün nəticələrini, eləcə də qrupun fəaliyyətinin əlaqələndirilməsi mexanizmini müzakirə edəcək.

Görüşdə həmçinin hərbi sahədə Ermənistanla Azərbaycan arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və atəşkəs rejiminə əməl olunması barədə müzakirələrin aparılması da planlaşdırılır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti