Azərbaycan, Bakı, 19 may / Trend , müxbir E.Babayev/ Azərbaycan müxalifəti seçkini boykot etməyəcək. "Mən bunu sizə iki dəfə boykot yolu tutan partiyanın sədri kimi deyirəm, tam əmin ola bilərsiniz ki, müxalifət seçkiyə qatılacaq"- bazar ertəsi Trend -a solçu Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə ölkədə seçkiqabağı vəziyyəti şərh edərkən bildirib.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Üç müxalifət partiyasını (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) özündə birləşdirən "Azadlıq" bloku Seçki Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan qanun layihəsi hazırlanarkən, müxalifətin tələblərinin nəzərə alınmadığını əsas gətirərək, seçkini boykot etmək istəyir. Müxalifətin əsas tələbi seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşmasıdır.
Əlizadə hesab edir ki, seçki komissiyalarının heç bir əhəmiyyəti yoxdur. "İndiki seçki komissiyaları ilə də tam demokratik seçki keçirmək olar. Seçki komissiyaları paritet olanda da, seçkini saxta keçirmək olar. Yəni əsas seçki komissiyaları yox, siyasi iradədir" - ASDP həmsədri əlavə edib ki, müxalifət boykota getməyəcək. Sadəcə, bu yolla hakimiyyətə müəyyən təzyiqlər olunması məqsədi güdülür:
"Azadlıq" blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə, Trend -a bildirib ki, onlar boykotla bağlı yekun qərar verməyiblər. Seçkidə iştirak məsələsi mayın sonlarında yenidən müzakirə olunacaq və yekun qərar veriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]