Azərbaycan, Bakı, 31 oktyabr/ Trend , müxbir C.Babayeva/ Prezident seçkisində iştirak etmiş Azərbaycanın müxalifət partiyası keçmiş namizədlərin siyasi blokuna qoşulmaq niyyətində deyil.
Müxalif Azərbaycan Liberal-Demokrat Partiyası (ALDP) ölkənin ali vəzifəsinə digər keçmiş iddiaçılarla birləşməyi planlaşdırmır.
"Partiya yarandığı gündən müstəqil fəaliyyət göstərir və müstəqil fəaliyyətini davam etdirəcək. Azərbaycanda yaradılmış siyasi bloklar uzunmüddətli olmayıb", - ALDP-ın sədri, keçmiş prezidentliyə namizəd Fuad Əliyev cümə günü juranlistlərə bildirib.
Onun sözlərinə görə, partiyanın keçmiş namizədlərin yeni blokuna qoşulması haqqında şayiələr əsassızdır. "Blokda fəaliyyət partiyaya uğur gətirmir. Yalnız müstəqil fəaliyyət siyasi partiyaya daha çox uğur gətirə bilər", - Əliyev bildirib.
ALDP 1999-cu ildə yaradılıb və dövlət qeydiyyatından keçib.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçirilib.
Dövət başçısı vəzifəsinə yeddi namizəd iddia edib - Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyev, Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.
Seçkinin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev digər namizədlərdən çox səs toplayıb - 88.73 faiz.
Ümid Pariyasının sədri İqbal Ağazadə - 2, 86 faiz, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu - 2,47 faiz, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev - 2,28 faiz, müstəqil namizəd Qulamhüseyn Əlibəyli - 2,23 faiz, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev - 0,78 faiz, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev - 0,65 faiz səs toplayıb.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]