...

Azərbaycanlı deputat belçikalı senator ilə görüşüb

Siyasət Materials 12 Dekabr 2010 00:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr /Trend/ 

Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən "İnsan alverinə qarşı Beynəlxalq Forum"da iştirak edən millət vəkili Qənirə Paşayeva forum çərçivəsində Belçika Senatının fəxri sədri senator Anne-Marie Lizinlə görüşüb. 

Görüş zamanı millət vəkili Belçika Senatının fəxri sədrinə Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, 15 ildən artıqdır ki, 1 milyon azərbaycanlının öz yurd-yuvasına qayıda bilməməsi, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı bu günkü vəziyyət, Ermənistanın Dağlıq Qarabağ istiqamətində apardığı işğallarla yanaşı Azərbaycanın digər bir istiqaməti, qərb istiqamətində yerləşən Qazax rayonunun bir neçə kəndini də işğal etməsi, Bağanis-Ayrım soyqırımı barədə də ətraflı məlumat vermişdir. 

Anne Marie Lizinin bir müddət əvvəl Quba soyqırımının, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımı açıq şəkildə dünyaya göstərən Qubadakı kütləvi məzarlığa baş çəkməsini xatırladan millət vəkili Qənirə Paşayeva bildirib ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımlar insanlıq əlehinə törədilmiş ən böyük cinayətlərdən biridir və beynəlxalq ictimaiyyətin bu məsələyə öz münasibətini bildirməsi vacibdir. 

Görüş zamanı Azərbaycan-Belçika parlamentlərarası əlaqələr mövzusu da diqqət mərkəzində olmuş və parlamentlərarası dostluq əlaqələrinin daha da genişlənməsinin vacibliyi vurğulanmışdır. Xarici sərmayəçilərin Azərbaycana böyük marağına toxunan Belçikalı senator Azərbaycanın gözəl təbiəti, abidələri, turizm potensialı ilə də böyük maraq doğurduğunu deyib. 

Belçika Senatının fəxri sədri, senator Anne Marie Lizin insan alverinə qarşı mubarizə, onun qarşının alınması və son qoyulması istiqamətində beynəlxalq çərçivədə gördükləri işlərdən danışıb və bu sahədə qeyri-hökumət təşkilatlarının rolunun artmasının və beynəlxalq əməkdaşlığın vacibliyi barədə fikir mübadiləsi aparılıb. Millət vəkili Azərbaycanda bu istiqamətdə görülən işlər barədə məlumat verib. 

Görüşün sonunda Belçikalı senatora Azərbaycanla bağlı xatirə hədiyyəsi və Azərbaycan həqiqətlərini və Mədəniyyətini özündə əks etdirən kitablar hədiyyə edilib. Millət vəkili Qənirə Paşayeva Belçika Senatının fəxri sədri, senator Anne Marie Lizini Azərbaycana planlaşdırılan səfəri zamanı millət vəkili seçildiyi Tovuz rayonuna da səfər etməyə dəvət edib. Görüşdə iştirak edən Rabitə və İnformasiya Texnоlogiyaları nazirliyi nəzdində yüksək texnologiyaların tədqiqi mərkəzinin direktoru, professor Sevda Abdullayeva isə qonağa yüksək texnologiyalar sahəsində Azərbaycanda görülən işlər, bu sahədə aparılan uğurlu beynəlxalq əməkdaşlıq məsələləri barədə ətraflı məlumat vermişdir.      

Bu gün Misirin Luksor şəhərində Misirin Birinci xanımı Suzan Mübarək ilə BMT-nin rəsmilərinin rəhbərlik edəcəyi "İnsan alverinə qarşı Beynəlxalq Forum" öz işinə başlayıb. Palermo Konvensiyasının 10 illiyinə həsr olunmuş beynəlxalq forumda dünyanın bir sıra nüfuzlu siyasi xadimləri qatılıb. Əsas məqsədi transmilli cinayətkarlığa, insanların, xüsusilə qadın və uşaqların təcavüzə və alverə məruz qalmasına qarşı mübarizənin dəstəklənməsidir.

Xəbər lenti

Xəbər lenti