...

Qazaxıstan mediası Prezident İlham Əliyevin Astanaya rəsmi səfərini geniş işıqlandırır (FOTO)

Siyasət Materials 11 Aprel 2023 14:07 (UTC +04:00)
Qazaxıstan mediası Prezident İlham Əliyevin Astanaya rəsmi səfərini geniş işıqlandırır (FOTO)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri, iki ölkə liderinin Astanada danışıqları və Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişaf perspektivləri Qazaxıstan mediasının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, bir çox kütləvi informasiya vasitələri, o cümlədən "Qolos naroda", Sputnik Qazaxıstan, Inbusiness, EI və Inform nəşrlərini Azərbaycan Prezidenti İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasındakı danışıqlara həsr edib. Nəşrlərdə danışıqlar zamanı bütün sahələrdə ikitərəfli əməkdaşlığın inkişafının aktual məsələləri, o cümlədən ticari-iqtisadi və investisiya layihələri, habelə nəqliyyat-logistika infrastrukturu ilə əlaqədar layihələr kimi prioritet istiqamətlərin müzakirə olunduğu qeyd edilir.

Qazaxıstan qəzetləri həmçinin iki ölkənin iqtisadiyyat, ticarət və investisiyalar və digər sahələrdə əlaqələrinin möhkəmlənməsindən yazırlar. "Kapital" xəbər saytı "Qazaxıstan və Azərbaycan əmtəə dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır" başlıqlı məqalədə Azərbaycanla Qazaxıstanın uğurlu əməkdaşlığından bəhs edir. Qazaxıstanın "KazTAG" Beynəlxalq İnformasiya Agentliyi əmtəə dövriyyəsinin müsbət artım dinamikasını təsdiqləyən məlumatlar dərc edib. Məqalədə 2002-ci ildə Qazaxıstanın Azərbaycana ixracının 30,4% artaraq 375,3 milyon dollar təşkil etdiyi, idxalın isə 95,2% artaraq 86,6 milyon dollar olduğu və 95,2% artım göstərdiyi deyilir. İcmalda Qazaxıstan iqtisadiyyatına Azərbaycan investisiyalarının ötən il 69,7 milyon dollara çatdığı qeyd olunur.

Qazaxıstanın bir çox kütləvi informasiya vasitəsi ümumi mənəvi-mədəni dəyərlərin birləşdirdiyi iki xalqın əsrlər boyu davam edən qardaşlıq və dostluq bağlarından yazır. "Kapital" qəzetinin yazdığı kimi, humanitar sahədəki son təşəbbüslər, xüsusən Azərbaycanda Qazaxıstan Mədəniyyət Günlərinin, Qazaxıstanda isə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsinə dair qərar iki xalqı daha yaxınlaşdırmağa və dövlətlərarası münasibətləri möhkəmləndirməyə kömək edəcək.

"Orda" və "Tengrinews" internet qəzetləri Azərbaycan və Qazaxıstan xalqlarının dostluğunun parlaq nümunələrindən birinin Qazaxıstan tərəfindən hazırda Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi olduğunu qeyd edir. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi mərkəzin açılışına dəvət etdiyini bildirən "Vlast" internet jurnalı Azərbaycanın dövlət başçısının sözlərindən sitat gətirir: "Bu, xalqlarımızın dostluğunun və qardaşlığının yaxşı rəmzi olacaq, ona görə ki, biz dağıdılmış infrastrukturun, o cümlədən sosial infrastrukturun bərpa edilməsi üzrə çox böyük işlər görməliyik. Qardaş Qazaxıstanın belə bir təşəbbüsü, əlbəttə, bütün azərbaycanlılarda böyük təşəkkür hissi doğurur".

Qazaxıstanın kütləvi informasiya vasitələri xüsusən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanla Qazaxıstan arasındakı strateji əlaqələrin möhkəmlənməsinə verdiyi töhfəyə xüsusi diqqət yetirirlər. Nəşrlərdə ölkəyə çətin vəziyyətdə rəhbərlik etmiş ulu öndərin haqlı olaraq indiki müstəqil Azərbaycanın memarı olduğu vurğulanır. "Kasım-Jomart Tokayevin sözlərinə görə, məhz Heydər Əliyevin rəhbərliyi altında gənc Azərbaycan dövləti qısa zamanda dünya birliyinin tamhüquqlu üzvünə çevrildi, ulu öndərin həyat yolu isə xalqına fədakar xidmətin parlaq nümunəsidir", - deyə Qazaxıstan mediası qeyd edir.

"BaigeNews" agentliyi və digər kütləvi informasiya vasitələri xəbər verir ki, bu il Qazaxıstanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə və ümummilli liderin xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş bir sıra tədbir keçiriləcək.

Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş sənədli filmin gözlənilən premyerası haqqında xüsusən "Kazinform" agentliyi yazır. Məqalədə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyevi filmin premyerası barədə Kasım-Jomart Tokayev geniş tərkibdə görüşdə danışıqlar zamanı məlumatlandırıb. O bu gün Qazaxıstan Prezidentinin tapşırığına əsasən Qazaxıstan Teleradio Korporasiyası tərəfindən çəkilmiş Heydər Əliyev haqqında “Əziz ömür” – “Görkəmli həyat” sənədli filminin premyerasının olacağını bildirib.

Bir çox media vasitəsi aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Astananın mərkəzində Heydər Əliyev küçəsinin təntənəli açılışından yazıb. "inAstana" xəbər saytının və digər kütləvi informasiya vasitələrinin vurğuladığı kimi, bu hadisə Azərbaycan xalqının böyük oğluna hörmətin daha bir sübutudur.

"Kazaxstanskaya pravda" qəzeti yazır ki, açılış mərasimində çıxış edən Qazaxıstan Prezidenti Astana və Bakı arasında müasir möhkəm və ahəngdar qarşılıqlı münasibətlərin daima strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf etdiyini bildirib. Nəşrdə həmçinin Kasım-Jomart Tokayevin "atasının quruculuq işini ləyaqətlə davam etdirən və ölkəsini tərəqqi yolunda inamla irəlilədən İlham Əliyevin güclü liderliyini yüksək qiymətləndirdiyi" deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti