...

Fransa erməniləri aldadır, Paşinyanı təlxək sayır

Siyasət Analytics 22 Fevral 2024 13:56 (UTC +04:00)
Fransa erməniləri aldadır, Paşinyanı təlxək sayır
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

"Bir daha demək istəyirəm ki, Fransanın Ermənistana, onun müstəqilliyinə, ərazi bütünlüyünə, demokratik proseslərinə və sülhə can atmasına dəstəyinə bel bağlaya bilərsiniz".

Fransa prezidenti Emmanuel Makron dünən Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi birgə mətbuat konfransında belə deyib.

Е.Makron daha sonra Paşinyanın "şəxsi cəsarətini və qətiyyətini" təqdir edib.

Onun sözlərinə görə, əsas müzakirə mövzuları arasında Ermənistanla Azərbaycan arasındakı münasibətlər əlahiddə yer tutub.

"Azərbaycanla sərhəddəki son insidentlər göstərir ki, eskalasiya təhlükəsi real olaraq qalır. Fevralın 12-dəki bu insident zamanı Azərğbaycan əsgərinin yaralanmasından Fransa təəssüfləndiyini bildirir. Lakin Azərbaycanın qeyri-proporsional cavabı və bunun nəticəsində Ermənistanın 4 hərbçisinin həlak olması, bir hərbçinin də yaralanması bizi təəssüfləndirir. Fransa ədalətli və stabil sülhə yönəlmiş bütün səyləri dəstəkləyəcək", - E.Makron söyləyib.

Fransa prezidenti daha sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi ilə bağlı danışıqlar prosesini "şərh" edib: "Ermənistanın ərazi bütünlüyü ilə bağlı qeyri-müəyyənliyi Azərbaycan gündəmdən çıxarmalıdır. Xəritələrə gəldikdə isə, sonradan hər iki tərəfin qoşunları geri çəkməsinə əsas ola biləcək demarkasiya və delimitasiya ilə bağlı bütün işlər görülməlidir. Bundan başqa, 2023-cü ilin sentyabrın 19-dan etibarən Qarabağı tərk etmiş şəxslərin geri qayıdışının Azərbaycan tərəfindən təmin edilməsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü ilin 17 noyabr tarixli qərarına əməl olunmasına çağırırıq. Cənubi Qafqazın sülh, inteqrasiya və əməkdaşlıq regionu olmasını istəyirik. Bunun üçün kommunikasiya vasitələrinin parçalanma yox, inteqrasiya amili olması gərəkdir. Mərkəzi Asiyada səfərdə oldum və istəyirəm ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa İttifaqı arasındakı kommunikasiya əlaqələri inkişaf etsin".

Emmanuel Makron çıxışında qeyd edib ki, İrəvan Fransanın Ermənistana dəstəyinə arxalana bilər. Qarabağ erməniləri “ən tez, maneəsiz və təhlükəsiz öz evlərinə qayıtmaq hüququnu almalıdırlar”.

Bundan əlavə, E.Makron qeyd edib ki, Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam edəcək. Fransa İrəvana müdafiə silahlarının tədarükünə razılıq verib.

Nikol Paşinyan öz növbəsində bildirib ki, Ermənistan bütün qonşularının ərazi bütövlüyünü dəstəkləyir və buna görə də ölkənin müdafiə qabiliyyətinin inkişafı heç kimdə təşviş yaratmamalıdır.

... Beləliklə, Emmanuel Makron Ermənistan vasitəsilə Cənubi Qafqazdakı proseslərə təsir və müdaxilə niyyətini bir daha təsdiqləyib.

İrəvana "tam dəstək" vəd edən Fransa prezidentinin çıxışı bütünlüklə Azərbaycana qarşı yönəlmiş, Bakıya təsir cəhdlərindən ibarət bəyanatlar toplusu sayıla bilər.

Onun çıxışındakı məqamlara nəzər salaq:

1. Sərhəddən qoşunların simmetrik olaraq geri çəkilməsi. Ermənistanın baş naziri Nikol Paşinyan indiyədək dəfələrlə bəyan edib ki, sülh sazişinin dayanıqlı və stabil olması, bölgədə əmin-amanlığın bərqərarı üçün Azərbaycanla Ermənistan qoşunlarını şərti dövlət sərhədindən simmetrik olaraq geri çəkməlidirlər. Bu bəyanat yalnız ilk baxışdan adekvat və ya sülhpərvər təsir bağışlaya bilər. Əslində isə Paşinyanın məqsədi tam başqadır.

Ermənistanda ölkəmizlə şərti dövlət sərhədinin perimetri boyunca rusiyalı sərhədçilər və Avropa İttifaqının Müşahidə-Monitorinq Missiyasının (EUMA) mənsubları var. Ermənistanın qoşunlarını geri çəkməsi məna kəsb etmir, çünki sərhəddəki mövqelərin və postların yarıdan çoxunda Ermənistan Müdafiə Nazirliyinin hərbçiləri yox, “könüllülər” adlandırılan və belə qələmə verilən silahlılar var.

Yəni “simmetrik geri çəkilmə” olarsa, erməni postlarının sayında və postlardakı heyətdə ciddi dəyişikliklər olmayacaq. Üstəlik, İrəvan şərti dövlət sərhədində Avropa İttifaqının yolladığı və bundan sonra da yollayacağı “müşahidəçilər”in sayının artırılmasını bu minvalla əsaslandırmağa çalışacaq. Təbii ki, N.Paşinyanın təklifi absurd olduğu üçün Bakı tərəfindən qəbul edilə bilməz.

Emmanuel Makron bunu əla bildiyindən, özünü və Paşinyanı sülh tərəfdarı, rəsmi Bakını isə “təklifi qəbul etməyən tərəf” qismində göstərməyə çalışır.

2. Beynəlxalq Ədalət Məhkəməsinin qərarı və qarabağlı ermənilərin Azərbaycana qayıdışı. Bu məsələlərlə bağlı rəsmi Bakının mövqeyi indiyədək dəfələrlə açıqlanıb. Fransa prezidenti bunu bilir, amma yenə də idiotik iddialarla çıxış edir. Azərbaycanı könüllü (!) tərk edərək, Ermənistana yollanmış qarabağlı ermənilərin heç birinə təzyiq və ya zorakılıq tətbiq olunmayıb. Onların hər biri istənilən an geri qayıda bilərlər.

Kiçik və beynəlxalq hüququn prinsiplərinə tamamən uyğun şərtlə: Azərbaycana dönən qarabağlı ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli, Azərbaycanın mövcud qanunvericiliyinin və Konstitusiyasının tələblərinə tam riayət etməlidirlər. Ermənistanın hakimiyyət dairələri, ermənilərin diaspor təşkilatları və onları dəstəkləyən Fransa kimi dövlətlərsə bəyan edirlər ki, qarabağlı ermənilər Azərbaycanda “öz müqəddəratını təyin edərək” yaşamalıdır. Yəni Xankəndidə separatçı xunta bərpa edilməli, qarabağlı ermənilərin ekstremist-terrorçu silahlı dəstələri olmalı və ən əsası, onlar Azərbaycan qanunlarına tabe olmayaraq ”müstəqil” həyat sürməlidirlər. Təbii ki, bu marazmatik tələblərlə dünyanın heç bir ölkəsi razılaşmayacağı kimi, Azərbaycan da razılaşa bilməz.

3. Kommunikasiya əlaqələri. Emmanuel Makron bu barədə danışanda, xüsusilə də “Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa İttifaqı arasındakı kommunikasiya əlaqələrinin inkişaf etdirilməsi”ndən bəhs edəndə region ölkələrinin maraqlarını yox, Fransanın mənafeyini ön plana çəkir. Afrikanın qərbindəki mövqelərin itirən, bəzi Afrika ölkələrindənsə, ümumiyyətlə, qovulan Fransa urana olan tələbatını artıq “Qara qitə” hesabına ödəyə bilmir. Emmanuel Makronun ötən il Qazaxıstana və Özbəkistana səfəri də məhz həmin ölkələrdən uran almaq niyyəti ilə bağlı idi. Fransa Orta Asiya ölkələrindən uran ala bilər, lakin bu radioaktiv yükü hansı marşrutlarla, necə daşıyacaq? Orta Asiyadan Fransaya üç istiqamətdə loqistika marşrutları var: Rusiya, Azərbaycan və İran əraziləri.

Qazaxıstan və Özbəkistandan uranın Rusiya, yaxud İran ərazisindən keçməklə Fransaya daşınma variantlarını ABŞ və Britaniyanın qəbul etməyəcəkləri bəllidir. Daha doğrusu, Vaşinqtonla London həmin invariasiyaların reallaşmasına yol verməmək üçün bütün vasitələri işə salacaqlar.

4. Ermənistana dəstək. Rəsmi İrəvana "tam və total dəstək" vəd edən Emmanuel Makron bu minvalla Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına yönəlmiş prosesə hər hansı formada təkan verəcək qüvvə statusunu avtomatik olaraq itirir. Danışıqlarda vasitəçi və ya məşvərətçi subyekt yox, bilavasitə iştirakçı obyekt olmağa can atan Fransanın məqsədi Cənubi Qafqazda sülhlə stabilliyin bərqərar olması, mümkün eskalasiya və risklərin qarşısının alınması yox, məhz Ermənistan vasitəsilə regionda möhkəmlənmək və maraqlarının təminatına can atmaqdır.

Fransanın Azərbaycanla bağlı tutduğu qərəzli, hətta düşmənçilik səviyyəsinə çatdırılmış mövqeyi, təbii ki, rəsmi Bakının adekvat reaksiyasına səbəb olub.

Emmanuel Makron ölkəmizlə normal, adekvat və rasional, əsas isə maraqlarla mənafelərin qarşılıqlı şəkildə təmin olunacağı əlaqələr istəyirsə, ilk əvvəl siyasətini və mövqeyini dəyişməlidir.

Ermənilərə fəsadlı hamiliklə obyektivlik bir araya sığmayan məsələlərdir.

Fransa bunu bilməlidir.

Xəbər lenti

Xəbər lenti