...

Mətbuat Şurası daxili işlər naziri və baş prokurora müraciət edib

Cəmiyyət Materials 25 Fevral 2008 17:15 (UTC +04:00)

Fransa, Strasburq, 25 fevral / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurası ötən şənbə "Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlilovun fiziki təzyiqə məruz qalması ilə bağlı baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Bu barədə bazar ertəsi Trend ə Mətbuat Şurasından məlumat verilib.

Müraciətdə bildirilir ki, Xəlilov redaksiya tapşırığı əsasında fevralın 22-də saat 17.00 radələrində Bakının Binəqədi rayonunda, 6-cı mikrorayonla 9-cu mikrorayonun kəsişməsində yerləşən zeytun bağlarında ağacların kəsilməsi və yandırılması ilə bağlı reportaj hazırlayarkən iki nəfər tərəfindən zorakılığa məruz qalıb. Təxminən 45-55 yaşlarında iki naməlum şəxs xidməti vəzifəsini yerinə yetirən jurnalistin vəsiqəsini əlindən alıb, ona bədən xəsarətləri yetirib, həmçinin fotoaparatını da mənimsəmək istəyib.

Müraciətdə qeyd olunur ki, hadisə baş verən gecə jurnalist Mətbuat Şurasının təmsilçisi ilə Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsində olub. Jurnalist bölməyə ona xəsarət yetirən şəxslərin foto şəkilləri ilə yanaşı, hadisə yerindən çəkilmiş digər fotoları da təqdim edib.

Mətbuat Şurası müraciətində hadisəni jurnalistin peşə fəaliyyətinin yolverilməz hədlərlə məhdudlaşdırılmasına yönələn hərəkət kimi dəyərləndirib. Müraciətdə eyni zamanda Xəlilova fiziki xəsarət yetirən şəxslər barədə qanuna müvafiq surətdə ölçü götürülməsi xahiş olunub.

Xəbər lenti

Xəbər lenti