Azərbaycanın futbol klubunun "Qalatasaray"ın hücumçusunu transfer etməsi barədə yeni xəbərlər yayılıb
Azərbaycan, Bakı, 11 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə ölkə kubokunun son sahibi olan "Xəzər-Lənkəran" futbol klubunun Türkiyənin məşhur futbolçusu Hakan Şükürün transferi ətrafındakı söz-söhbət davam edir. Dünən qonşu ölkə mətbuatı bu məsələ barədə yeni bir xəbər yayıb.
"Qalatasaray"ın prezidenti Adnan Poladın klubun aşağı yaş qruplarında məşqçi kimi işləməsi üçün təklif etdiyi 5 illik sözləşməni rədd edən Hakan Şükür gələn təklifləri dəyərləndirib.
Türkiyəli futbolçunun gələn mövsüm Azərbaycanda top qovacağı haqda xəbər verilib.
Azərbaycanlı bir iş adamının komandasına transfer olacağı təqdirdə Hakan Şükür ilinə 3 milyon avro qazanacaq. "Kral" bu təklifi artıq qəbul edib.
Hakan Şükürün həyat yoldaşının da bu keçidə razı olduğu deyilir. "Kral" ləqəbli futbolçu indidən Azərbaycanda uşaqlarının təhsilini davam etdirməsi üçün məktəb axtarmağa başlayıb.
"Xəzər-Lənkəran" futbol klubunun rəhbərliyi Hakan Şükürün Azərbaycana gələcəyi haqda xəbərlərin doğru olduğunu qeyd edib. Klubdan Trend-News-a verilən məlumatda oyunçu ilə danışıqların davam etdiyi və müsbət sonluqla bitəcəyi bildirilir.
"Hər zaman türk cümhuriyyətlərində futbolun inkişafına kömək edə bilmək üçün nə edə bilərəm deyə düşünürdüm. Mənə gələn bu təkliflə istəyimi həyata keçirmiş olacam. Ümid edirəm ki, azəri futbolunu da Avropa standartlarına gətirib çıxardarıq", - deyə Hakan Şükürün öz yaxınları ilə fikirlərini bölüşdüyü deyilir.
Hakan Şükür Türkiyə çempionatında ən çox qol vurmuş oyunçudur.
"Kral" eyni zamanda dünya çempionatları tarixində oyunun 9-cu saniyəsində qol vurmuş yeganə futbolçudur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]