...

Ombudsmanın nümayəndələri hüquq müdafiəçisi ilə görüşüb

Cəmiyyət Materials 12 Aprel 2012 15:14 (UTC +04:00)
Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri müvəkkilin tapşırığına əsasən, Sabirabad, Hacıqabul rayon və Şirvan şəhər polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına (MST) baş çəkiblər.
Ombudsmanın nümayəndələri hüquq müdafiəçisi ilə görüşüb

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Ombudsmanın nümayəndələri hüquq müdafiəçisi ilə görüşüb.

Ombudsman Aparatından cümə axşamı Trend-ə verilən məlumata görə, Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri müvəkkilin tapşırığına əsasən, Sabirabad, Hacıqabul rayon və Şirvan şəhər polis şöbələrinin müvəqqəti saxlama təcridxanalarına (MST) baş çəkiblər.

Sabirabad rayon polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasına baxış zamanı orada saxlanılan digər şəxslərlə yanaşı, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə barəsində 12 gün inzibati həbs seçilmiş hüquq müdafiəçisi Oqtay Gülalıyevlə konfidensial şəraitdə görüş keçirilib.

MST-də saxlanılan şəxslər saxlanılma şəraiti və onlarla rəftardan şikayət etməsələr də, Gülalıyev saxlanılma şəraitindən narazı olduğunu, ilkin tutulma zamanı Rauf Məcidov tərəfindən zorakılığa məruz qaldığını, ona ilkin tibbi yardım göstərilmədiyini bildirib.

Məsələ ilə bağlı yerində araşdırma aparılıb, kameranın müasir standartlara tam cavab vermədiyi müəyyən edilib.

RPŞ-nin rəisi Mübariz Quliyev artıq yeni inzibati binanın tikilməsinin nəzərdə tutulduğunu, Gülalıyevə qarşı polis əməkdaşları tərəfindən zorakılığa yol verilmədiyini, digər şəxslər kimi onun da həkim müayinəsindən keçməsi təklif edildikdə bundan imtina etdiyini, 10 aprel tarixində şəxsi vəkili ilə təklikdə görüşdüyünü bildirib.

Şöbə rəisi MST-də saxlanılan şəxsə istəyinə uyğun qəzetlərin verilməsinin özünün və yaxud ona sovqat gətirənlərin vəsaiti hesabına mümkün olduğunu, eyni zamanda, şöbənin abunə olduğu qəzetlərdən ona verildiyini və məsələni diqqətdə saxlayacağını söyləyib.

Qeyd edək ki, ombudsman aprelin 9-da Sabirabad rayon prokuroruna müraciət edərək, dərhal Gülalıyevlə görüş keçirilməsini və araşdırmanın nəticəsi ilə bağlı ombudsmana məlumat verilməsini tapşırıb.

Aprelin 10-da Sabirabad rayon prokurorunun imzası ilə daxil olmuş cavabda Gülalıyevin məhkəmə-tibbi müayinədən keçirildiyi, bədənində xəsarət və onun hər hansı izlərinin müəyyən olunmadığı, zorakılığa məruz qalması ilə bağlı məlumatla əlaqədar rayon prokurorluğunda araşdırma aparıldığı bildirilib.

Xəbər lenti

Xəbər lenti