...

Elşad İskəndərov: “Milli-mənəvi dəyərlərimiz üzərində köklənən dini tədris prosesi zərurətdir”

Cəmiyyət Materials 15 İyun 2013 10:39 (UTC +04:00)
“Milli-mənəvi dəyərlərimiz üzərində köklənən dini tədris prosesi zərurətdir”.
Elşad İskəndərov: “Milli-mənəvi dəyərlərimiz üzərində köklənən dini tədris prosesi zərurətdir”

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir İ.İzzət/

"Milli-mənəvi dəyərlərimiz üzərində köklənən dini tədris prosesi zərurətdir".

TREND-in xəbərinə görə, bunu 1 illik fəaliyyətinin yekunları ilə əlaqədar bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov bildirib.

Elşad İskəndərov cəmiyyətdə bir çox problemlər kimi, dini sahədə də bir sıra məsələlərin həllinin təhsildən keçdiyini vurğulayıb:

"Bu gün Azərbaycanda artıq müəyyən ənənə yaradılıb. Bakı İslam Universiteti, BDU-nun İlahiyyat fakültəsi var. Onların məzunları bu və ya digər dərəcədə dini sferada işlə təmin olunur və fəaliyyət göstərirlər. Qafqaz Müsəlmanları İdarəsi din xadimlərinin attestasiyasını keçirir. Yəni bu istiqamətdə atılan addımlar var. Bunları dövrün tələblərinə uyğun səviyyəyə çatdırmaq lazımdır. Bədən Tərbiyəsi və İdman Akademiyası qəbul üçün 150 bal tələb etdiiyi halda abituiriyentlərin 100 balla dini təhsil müəssisələrinə daxil olması davam edə bilməz."

Dini təhsil sahəsində yaranan boşluqdan danışan Dövlət Komitəsinin sədri gənclərimizin xaricdə dini təhsil məsələsinə toxunub:

"İndi yaranan vəziyyət belədir ki, xarici mərkəzlərdə təhsil alan gənclərimizin bir qismi istər-istəməz Azərbaycanın dini sahədəki sisteminə müdaxilə etmək, Azərbaycanda öz maraqlarını güdmək kimi cəhdlərə vasitə olur, yaxud da ümumilikdə Azərbaycan ənənəsinə yad olan müxtəlif bədniyyətli, zərərli təsirlərin altına düşürlər. Bu təsirlərin altına düşməsələr belə, əsrlər boyu o regionlara və yerlərə uyğun formalaşan dini mədəniyyətin təsiri altına düşürlər. Bəzi tələbələr var ki, gənc yaşlarından gedib xaricdə 10-15 il dini təhsil alır. Qayıdıb gəldikdən sonra leksikonu belə Azərbaycan reallığına uyğun gəlmir. Yəni həmin şəxs böyüyüb artıq təhsil aldığı yerin məhsuluna çevrilir. Onların fəaliyyətində müsbət tərəflər də var, məsələn, daha dərin dini biliklər gətirə, öyrədə bilir, amma mənfi tərəflər də var ki, milli kimliyin mühüm bir parçası olan milli-mənəvi dəyər və dini kimlik hissini tamamilə yad bir istiqamətə aparır. Pis və ya yaxşı, bunu bir kənara qoyaq, amma başqa bir mədəniyyətin daşıyıcısı şəklində formalaşır. Bu problemin köklü həlli nədir?

Çıxış yolu xarici təcrübəni nəzərə almaqla, müasir dövrün tələblərinə uyğun yerli din xadimlərinin yerli təhsil bazasında təhsil almalarıdır. Qanunvericilikdə bundan irəli gələn bir tələb var ki, ilkin dini təhsilini Azərbaycanda almamış insanlar dini xadimi kimi fəaliyyət göstərə bilməzlər. Mən hesab edirəm ki, xaricdə dini təhsil almış insanların hamısı heç də itirilmiş insanlar deyillər. Ona görə də ən optimal yol onlar üçün burada adaptasiya kurslarının açılması və həmin kurslardan keçdikdən sonra yerli şəraitdə fəaliyyətə cəlb olunmasıdır. Ancaq bu, məsələnin həllində yalnız aralıq bir mərhələdir."

Komitə sədrinin fikrincə, məsələnin köklü həlli yerli ali dini təhsil müəssisələrinin müasir beynəlxalq tələblərə cavab verəcək səviyyəyə çatdırılmasından keçir:

"Hesab edirəm ki, bizim strateji məqsədimiz həm yerli, həm də regionumuzun tələbatı üçün müasir standartlara, dini və dünyəvi elmləri sintez şəklində tədris edən, müasir dünyəvi çağırışlara cavab verə bilən, milli-mənəvi dəyərlərimiz üzərində köklənə bilən dini tədris prosesinin yaradılmasıdır. Bu, kadr çatışmazlığının həlli üçün artıq zərurətə çevrilib. Buna qanunvericilik də imkan verir. Qanunverilikdə göstərilir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Təhsil Nazirliyi ilə birgə xarici təhsil mərkəzlərini müəyyənləşdirib oraya tələbələri göndərə bilər. Biz artıq bu istiqamətdə bir necə mərkəzlə məsləhətləşmələr aparırıq ki, bizim yerli tələblərə uyğun şəkildə və həcmdə mübadilə prosesini gerçəkləşdirək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti