...

Anadangəlmə onkoloji xəstəliklə doğulan uşaqlar və ya normal keçməyən hamiləliyin fəsadı...

Cəmiyyət Materials 13 Mart 2015 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Hazırda Azərbaycanda 338 uşaq onkoloji xəstəlikdən əziyyət çəkir. Təkcə 2014-cü ildə 109 uşaq onkoloji xəstə kimi qeydiyyata götürülüb. Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib.

Onun sözlərinə görə, uşaqlarda onkoloji xəstəliklər tam sağalmaya meyilli olur. Ancaq bunun üçün əsas məsələ xəstəliyin vaxtında aşkarlanmasıdır.

Buna görə də əsas işin sahə pediatrlarının üzərinə düşdüyünü deyən baş onkoloq qeyd edib ki, onlar uşaqlarda hər hansı şübhəli əlamətlər gördükdə daha geniş müayinələr aparmalı və xəstələri müvafiq ixtisas həkimlərinə yönəltməlidirlər.

Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasının şöbə müdiri Leyla Xələfova isə Trend-ə bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaqlar arasında ən çox rast gəlinən onkoloji xəstəlik leykozlardır. Uşaqlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərin sırasında ikinci yeri beyin şişləri, üçüncü yeri limfomalar (limfatik vəz sisteminin zədələnməsi nəticəsində əmələ gələn xəstəlik), dördüncü yeri sümük şişləri, beşinci yeri yumşaq toxuma sarkomaları tutur. Bu ardıcıllığa əsasən, adları çəkilən xəstəliklərdən sonra uşaqlarda ən çox müşahidə edilən onkoloji xəstəliklər nefroblastoma (böyrək şişləri) və neyroblastomalardır (simpatik qanqliyalardan çıxan şişlər) ki, onların da rast gəlmə tezliyi eynidir. Uşaqlarda nadir şişlərə - dəri şişləri, gözdaxili şişlərə (retinoblastoma) də rast gəlinir.

L.Xələfova deyib ki, uşaqlarda yaranan onkoloji xəstəliklərlə onların yaşları arasında da müəyyən əlaqə özünü göstərir.

Onun sözlərinə görə, uşaqlarda nefroblastoma və neyroblastomalar daha çox 6 yaşına, göz xəstəliyi 1 yaşına kimi, sümük şişləri 12-14 yaşa, limfomalar 6-8 yaşa, beyin şişləri isə 7-9 yaşa kimi özünü büruzə verir.

L.Xələfova qeyd edib ki, uşaqlarla bağlı klinikaya əsasən ağırlaşmış vəziyyətdə - şişlər yayıldıqdan sonra müraciət edirlər: "Problem ondadır ki, uşaqlarda şişlər müxtəlif "maskalar" altında olur. Ona görə də pediatrlar çox zaman bunları başa düşə bilmirlər, simptomları ümumi simptomlar kimi qiymətləndirirlər. Məsələn, uşağın qarnında ağrı, köp, şişkinlik olur, ishal baş verir. Ancaq heç düşünmürlər ki, bu, onkoloji problemlə də bağlı ola bilər. Hər bir onkoloji xəstəliyin öz simptomları olur. Ona görə də pediatrlar diqqətlərini həmin simptomlara cəlb etməli, simptomları gördükdə düşünməlidirlər ki, bu uşaqda onkoloji xəstəlik ola bilər".

Həkim deyib ki, son vaxtlar bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstəliklər yayıldığından sahə pediatrları daha diqqətli olmalıdırlar: "Hər şeyin başında stress amili dayanır. Normal qidalana bilməmək, yaşayış səviyyəsinin aşağı olması, ailələrin düzgün qurulmaması da bu məsələdə rol oynaya bilər. Anaların çoxu onlarda qan azlığı, sinir sistemi pozğunluğunun olduğunu deyir. Çox vaxt qadınlar dərman müalicəsi ilə hamilə qalırlar, hamiləliyin normal keçdiyini görmək bu halda çox çətindir. Buna görə də problemlər artıq oradan başlayır".

L.Xələfova deyib ki, uşaqlarda 70-80 faiz halda şişlər anadangəlmə olur: "Məsələn, nefroblastoma və neyroblastomaların təməli artıq ana bəntində qoyulur. Biz çox zaman valideynlərdən soruşuruq ki, sizdə ana, yaxud ata tərəfdə genetik xəstəliklər var? Deyirlər ki, bəli. Elə düşünürəm ki, hamiləliklər dövründə keçirilən müxtəlif xəstəliklər - anemiya, yaxud cürbəcür infeksiyalar, eləcə də stress özü buna səbəb olur".

Onun sözlərinə görə, retinoblastoma da uşaqlarda ana bətnində olur. Uşaq yeni doğularkən onun gözləri parıldamağa başlayır ki, bu da retinoblastomanin birinci simptomudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti