Bakı. Trend:
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Mərakeş Krallığının Fəs şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının IX Qlobal Forumunda iştirakı çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüş keçirmişdir.
Mərakeş Krallığının ali dəstəyi və evsahibliyi, Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Qutterişin iştirakı, Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi cənab Moratinosun və qərargahı Azərbaycanda yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən BMT-nin “Sülh Alyansına Doğru: Vahid bəşəriyyət olaraq birlikdə yaşamaq” forumunun işində Mərkəzin Həm-sədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa, İSESCO-nun sabiq Baş Direktoru Əbdüləziz əl-Tuveycri, Gürcüstanın sabiq Prezidenti Qiorqi Marqvelaşvili, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bosniya və Herzeqovinanın sabiq Prezidenti Mladen İvaniç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Çexiyanın sabiq Baş naziri Yan Fişer, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Amr Musa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Gürcüstan sabiq baş nazirinin müavini Eka Tkeşelaşvili, BMT-nın 73-cü və 75-ci Baş Assambleyalarının Prezidentləri Maria Fernanda Espinoza və Volkan Bozkır iştirak edib.
Şeyxülislam Allahşükür Paşazadə Mərkəzin üzvləri ilə görüş
zamanı Azərbaycanın 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi ilə Ermənistanın hərbi təcavüzünə son qoyaraq,
dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa etdikdən
sonra işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində
dağıdılmış və təhqirə məruz qalmış dini-mədəni abidələrimizin,
məscidlərlə yanaşı digər dini məbədlərin bərpa edilməsi, aparılan
genişmiqyaslı yenidənqurma işləri ilə bağlı məlumat vermişdir.
Görüş iştirakçılarının hərbi əməliyyatların 2 il öncə başa
çatmasına baxmayaraq Ermənistanın ərazilərimizi tərk edərkən həyata
keçirdiyi genişmiqyaslı minalama əməliyyatları nəticəsində hələ də
250 nəfərin həlak olması, yüzlərlə insanın yaralanması, buna rağmən
Ermənistanın minalama xəritələrini təqdim etməkdən yayınması faktı
xüsusilə diqqətini çəkmişdir. Vurğulanmışdır ki, Azərbaycanın qalib
tərəf olduğu halda bütün bunlara baxmayaraq yenə də sülhə dəvət
edən tərəf olması olduqca təqdirəlayiqdir.
Görüş iştirakçıları Azərbaycanın multikultural modelinin unikallığını xüsusi qeyd edərək ölkəmizdə hökm sürən dinlərarası harmoniyanın və yüksək səviyyəli dövlət-din münasibətlərinin bütün dünya üçün örnək olduğunu dilə gətiriblər.
Görüşün sonunda A. Paşazadə Nizami Gəncəvi Mərkəzinin üzvlərini növbəti Bakı səfərləri zamanı qəbul etməkdən məmnunluq duyacağını ifadə etmişdir.