Bakı. Trend:
Laçında daxili yolların bərpasının yaxın müddətdə yekunlaşması planlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq AAYDA tərəfindən Laçın şəhərinin daxili yollarının bərpası layihəsi sürətlə və keyfiyyətlə icra olunur.
Uzunluğu 59 km təşkil edən sözügedən yollar hər birinin eni 3-3.5 metr olmaqla 2 hərəkət zolaqlıdır. Layihə üzrə torpaq yatağının eni 8-15 metr təşkil edir.
Layihə çərçivəsində yararsız örtük sökülür, zəruri olan yerlərsə yararsız qrunt qazılaraq çıxarılır, ardınca yararlı materiallardan istifadə olunmaqla əks dolğu işləri icra olunur, yeni yol yatağı və yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir.
Tikinti-bərpa işləri “İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altında həyata keçirilir.
Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Laçın şəhərinin daxili yollarının bərpası ilə şəhər ərazisində müasir yol infrastrukturu qurulacaq, tezliklə burda yaşayacaq əhalinin və bura gələn qonaqların rahat gediş-gəlişi təmin olunacaq.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 16 avqust 2021-ci il tarixində təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar torpaq, qazma-partlayış işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunur.
İnşası aparılan beynəlxalq hava limanında qazma işləri 26.512 milyon kub.metr, tökmə işləri isə 1.956 milyon kub.metr təşkil edir. Qazmanın maksimal orta dərinliyi 73, tökmənin orta hündürlüyü isə 14 metrdir.
“İnşaat Norma və Qaydaları”na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən layihə üzrə 162.8 min kub.metr ərazidə bitki qatının çıxarılması, 6.9 milyon kub.metr həcmində partlayış işləri, 859.8 min kub.metr qaya tipli süxurların mexanizmlə qazılması, 5.04 milyon kub.metr həcmində isə torpaq qazma işləri aparılıb.
Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa edilən Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq.
Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanından Laçın şəhərinə qədər olan məsafə 38.1 km, Şuşa şəhərinə qədər olan məsafə 75,0 km, Kəlbəcər şəhərinə isə 59.2 km təşkil edəcək.
İşğaldan azad edilmiş əzəli torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərən Laçın Beynəlxalq Hava Limanının inşası ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq.