Azərbaycan, Bakı, 9 mart / Trend , müxbir Ü.İsmayılova/
Çərşənbə axşamı Bakı Fond Birjasında (BFB) Mərkəzi Bank yanında Azərbaycan İpoteka Fondunun (AİF) ümumi həcmi 75 milyon manat təşkil edən, faizli, adlı, sənədsiz istiqrazlarının növbəti 3 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib. Bu barədə AİF-in çərşənbə günü yayılan məlumatında deyilir.
İstiqrazlar cari qiymətlə satışa çıxarılıb. Hərracda 5 sərmayədar iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi (3 milyon manat) dörd dəfədən çox üstələyərək 13 199 760 manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib.
Beləliklə, bu istiqrazların dövriyyədəki həcmi 12 mln manata çatıb.
AİF istiqrazlarının emissiya prospekti 2009-cu il dekabrın 30-da Qiyməli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınıb. Emissiyanın ümumi həcmi 3,25% illik gəlirlə 75 milyon manat təşkil edir. İstiqrazların ödənilmə tarixi 11 dekabr 2019-cu ildir.
Martın 9-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.