...

Azərbaycanda bank olmayan kredit təşkilatlarının kredit reyestrinə qoşulması prosesi başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2011 15:00 (UTC +04:00)
Bank olmayan kredit təşkilatları (BOKT) "Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) haqqında" Qaydalara edilmiş əlavə və dəyişikliklərə əsasən, MKR-ə qoşulacaqlar.
Azərbaycanda bank olmayan kredit təşkilatlarının kredit reyestrinə qoşulması prosesi başlayıb

Azərbaycan, Bakı, 2 mart/Trend, müxbir İ.Xəlilova/

Bank olmayan kredit təşkilatları (BOKT) "Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) haqqında" Qaydalara edilmiş əlavə və dəyişikliklərə əsasən, MKR-ə qoşulacaqlar. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü AMB-dən bildirilib.

Yeni dəyişikliklər BOKT-lar tərəfindən MKR-ə təqdim ediləcək məlumatların strukturunu, verilməsi və alınması qaydalarını müəyyən edir.

Qaydalara əsasən, BOKT-lar hər ayın ilk dörd iş günü ərzində bütün kredit portfeli, kreditin verildiyi tarixdən iki iş günü ərzində isə yeni verilmiş kreditlər haqqında məlumatlarını MKR-ə təqdim etməlidirlər.

Bu məqsədlə BOKT nümayəndələri üçün Mərkəzi Bankda müvafiq seminar keçirilib, qoşulma ilə bağlı prosedurlar nümayiş etdirilib.

"Artıq məlumatların real vaxt rejimində test olunması üçün müvafiq texniki platforma qurulub. Hər bir BOKT məlumatlarını həmin platformada sınaqdan keçirdikdən sonra əsas bazaya qoşula biləcək", - AMB-nin məlumatında deyilir.

2005-ci ildə Mərkəzi Bankda yaradılan MKR-də hazırda məbləğindən asılı olmayaraq bankların bütün kreditləri haqqında məlumatlar toplanılır. BOKT-ların da MKR-ə qoşulmasından sonra hər bir borcalan haqqında onun həm banklarda, həm də BOKT-larda olan bütün öhdəliklərini əks etdirən kredit hesabatı əldə etmək mümkün olacaq.

Qanunvericiliyə uyğun olaraq, müvafiq məlumatlardan yalnız banklar və BOKT-lar, habelə borcalanların özləri yararlana bilərlər.
Fiziki şəxslər üzrə bir sorğunun tarifi 1,1 manat, hüquqi şəxslər üçün iki manat təşkil edir. Kredit reyestri kommersiya məqsədləri daşımır, tariflər inzibati xərclərin ödənilməsi üçün tətbiq edilir.

2010-cu ilin yekunları üzrə Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə ölkədəki 42 bankdan 257 045 müraciət daxil olub. Müraciətlərin ümumi sayından 219 269 müraciət yeni borcgötürənlərdən daxil olub.
2009-cu illə müqayisədə xidmətə ümumi müraciətlərin sayı 3,45 dəfə artıb. 2009-cu ildə sorğuların ümumi sayı 74 393 təşkil edib. 2010-cu ildə 298 şəxs təşkilata öz kredit hesabatını almaq məqsədilə müraciət edib.
Cari ilin yanvarın 1-nə olan məlumata görə, kredit reyestrində haqqında məlumat olan borcötürənlərin sayı 962 546, kredit məlumatlarının ümumi sayı isə 1 883 260 təşkil edir. 2009-cu ilin sonlarına olan məlumata görə, reyestrdə 704 275 borcgötürən haqqında və 1 322 524 kredit məlumatı var. 2010-cu il ərzində borcgötürənlər barədə 258 571 və kreditlər üzrə 560 736 yeni məlumat daxil olub. Reyestrdə olan borcgötürənlər üzrə məlumatların sayı 434 593 təşkil edir.

Martın 2-nə rəsmi məzənnə 0,7939 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti