Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir Ü.İsmayılova/
Bakıda "Azərbaycanda sığorta bazarı: problemlər və perspektivlər" mövzusunda konfrans keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) çərşənbə günü yaydığı məlumatda deyilir. Martın 16-da keçiriləcək konfrans ASA tərəfindən təşkil olunur.
Məlumatda deyilir ki, tədbirdə biznes-sektorun nümayəndələri iştirak edə bilərlər.
Məlumata görə, konfransın keçirilməsində məqsəd sığorta institutunun zəruriliyi və vacibliyini biznes-təşkilat rəhbərlərinin, eləcə də dövlət məmurlarının diqqətinə çatdırmaqdır.
"Bu konfrans ölkəmizdə sığortanın təbliğində ilk ciddi addımdır. Bundan əvvəl də sığorta mövzusunda tədbirlər təşkil olunub, lakin onlar daha çox sığortaçıların özlərinə yönəlib. Bu konfrans onunla fərqlənir ki, o, Azərbaycanda sığorta problemlərinin və perspektivlərinin müzakirəsinə daha geniş dairələri qoşur. Və təsadüfi deyil ki, onun təşkilində həm dövlət strukturları, həm də ictimai və bəzi sığorta şirkətlərinin simasında kommersiya təşkilatları da iştirak edirlər", - ASA-nın Müşahidə Şurasının sədri Azər Əliyev bildirib.
Konfransda dünyada və Azərbaycanda sığorta sektorunun inkişaf perspektivləri, sığorta qanunvericiliyi, sığorta məhsulları və müqavilələri, risklərin idarə olunması sistemində sığortanın rolu və digər məsələlər müzakirə olunacaq.