Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir İ.Xəlilova/
Azərbaycanda fəaliyyət göstərən Kredit-Zəmanət Fondu (KZF) tərəfindən zəmanət verilməsinin yubanması fondun məsləhətçisi - Almaniyanın Əmanət Kassaları üzrə Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) ilə müqavilə müddətinin başa çatması ilə əlaqədardır. Bu barədə çərşənbə axşamı Trend-ə KfW Almaniya İnkişaf Bankının Bakı ofisindən bildiriblər.
"Müqavilənin qüvvədə olma müddətini uzatmaq üçün məsləhətçi xidmətlərin ödənilməsi məqsədilə maliyyələşməni cəlb etmək lazımdır, - KfW-dən deyiblər. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi fondun vəsaitləri hesabına tədqiqatlara və mütəxəssislərə çəkilən xərcləri ödəməkdən imtina etdiyinə görə hazırda digər mənbələr hesabına maliyyələşrmənin cəlb edilməsi nəzərdən keçirilir".
Yaradılan fondun KfW tərəfindən maliyyələşdirilməsinə dair müqavilə 2006-cı il avqustun 14-də Bonnda Azərbaycan-Almaniya hökumətlərarası danışıqlar zamanı bağlanıb, Azərbaycanda KZF-in yaradılmasına dair maliyyə əməkdaşlığı üzrə hökumətlərarası saziş isə ölkə Prezidenti tərəfindən 2007-ci il iyunun 5-də imzalanıb.
2008-ci ilin avqustunda KfW Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə SBFIC-nin işə başlaması haqqında müqavilə bağlayıb.
Fond qiymətləndirmənin aparıldığı iki bankın - "AGBank" və "Bank of Baku"nun namizədliyinə baxır.
Kredit-Zəmanət Fondunun texniki meneceri Andreas Frankenin əvvəllər dediyinə görə, zəmanət Almaniya-Azərbaycan Fondunun tərəfdaşlarından birinə - "Bank of Baku", "Bank Respublika", "Unibank" "Parabank" "DəmirBank" və "AGBank"a verilə bilər. KZF-nin başlıca şərti ondan ibarətdir ki, fondun zəmanəti əsasında cəlb edilən vəsaitlər KZF-nin biznes-sxemi üzrə orta və kiçik biznesin inkişafına yönəldilməlidir və ya banklar bu sektorda yerləşdirilən elə eyni məbləğdə portfeli yaratmalıdırlar.
Kredit-Zəmat Fondu KfW-nin mənzil-qərargahında hesablaşma hesabı şəklində fəaliyyət göstərməlidir. Azərbaycan banklarının müraciət edəcəyi halda, məsləhətçi onları yoxlayacaq və KfW qarşısında zəmanətin verilməsi ilə bağlı çıxış edəcək.
KfW Azərbaycana Kredit-Zəmanət Fondunun yaradılmasına 4 milyon avro verib. Bunun 3,75 milyon avrosu fondun yaradılmasına zəmanət qismində, 0,25 milyon avro isə məsləhətçi xidmətlərinin ödənilməsinə görədir. Qalan vəsaitlər fonda Azərbaycan hökuməti tərəfindən köçürülüb.
KZF-nin zəmanəti cəlb edilən kredit məbləğinin 90 faizi həcminə qədər verilə bilər, buna müvafiq olaraq qalan 10 faiz bankın şəxsi riskində olacaq.