...

Bu ilin ilk 5 ayında Azərbaycanın xarici ticarət əməliyyatları üzrə TOP-5-lik

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2014 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü ilin yanvar-may aylarında Azərbaycanın 133 ölkə ilə xarici ticarət dövriyyəsi 12,99 milyard dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 11,78 faiz azdır.

Trend-in Dövlət Gömrük Komitəsinin statistik hesabatına istinadən verdiyi məlumata görə, ilk 5 ayda Azərbaycan 9,5 milyard dollar həcmində ixrac əməliyyatı, 3,5 milyard dollar həcmində isə idxal əməliyyatı həyata keçirib.

Hesabat dövründə Azərbaycanın ixrac həcminin böyük hissəsi İtaliyanın payına düşüb. Belə ki, Azərbaycandan İtaliyaya 2,36 milyard dollar dəyərində mal ixrac edilib ki, bu da ixracın ümumi həcminin 24,8 faizini təşkil edir.

İxracda lider mövqeləri İndoneziya (13 faizlik xüsusi çəki ilə 1,24 milyard dollar), Almaniya (784,7 milyon dollar və ya 8,3 faiz), İsrail (595,4 milyon dollar və ya 6,3 faiz) və Fransa (692,2 milyon dollar və ya 7,3 faiz) tutur.

Bu ölkələrin Azərbaycanın ümumi ixracında payı 59,7 faizdir.

Cari ilin yanvar-may aylarında idxalın daha çox həcmi üzrə ilk beşlikdə Rusiya (512,83 milyon dollar) liderlik edib. Azərbaycanın idxalının 14,7 faizi Rusiyanın payına düşür. Sonrakı yerləri Türkiyə - 487,94 milyon dollar (13,9 faiz), ABŞ - 306,7 milyon dollar (8,7 faiz), Almaniya - 273,2 milyon dollar (7,8 faiz) və Çin - 259,3 milyon dollar (7,4 faiz) tutur.

Bu ölkələrin Azərbaycanın ümumi idxalında xüsusi çəkisi 52,57 faizdir.

Bununla da Azərbaycanın əsas xarici ticarət tərəfdaşı 2,45 milyard dollarla İtaliya olaraq qalır ki, bu da ölkənin ticarət əməliyyatlarının ümumi həcminin 18,86 faizini təşkil edir. Sonrakı yerləri İndoneziya - 1,26 milyard dollar (9,7 faiz), Almaniya - 1,06 milyard dollar (8,2 faiz, Fransa - 756,15 milyon dollar (5,8 faiz) və Rusiya - 755,44 milyon dollar (5,8 faiz) tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti