...

2010-cu ildə "Şahdəniz" yatağından qaz və kondensat hasilatı artıb

Energetika Materials 2 Mart 2011 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.İsmayılov/

2010-cu ildə Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından 6,9 milyard kubmetrə yaxın qaz və 1,9 milyon ton (14,7 milyon barel) kondensat hasil olunub. Bu barədə BP şirkətinin (yatağın işlənməsi layihəsinin operatoru) rəsmi hesabatında deyilir.

Göstərilən dövrdə yataqda orta sutkalıq hasilat 19 milyon kubmetr qaz, 40,2 min barel isə kondensat təşkil edib.

Cari ildə "Şahdəniz" yatağından 7,6 milyard kubmetr qaz və 2,01 milyon ton (916 milyon barel) kondensat hasil etmək planlaşdırılır.

2009-cu ildə "Şahdəniz" qaz-kondensat yatağından qaz hasilatının həcmi 6,2 milyard kubmetr (orta sutkalıq hasilat 16,9 milyon kubmetr) və 1,7 milyon ton kondensat təşkil edib.

Hesabatda deyildiyi kimi, ötən il layihə üzrə əməliyyat xərcləri 170,4 milyon dollar, əsaslı xərclər 389,6 milyon dollar təşkil edib.

2006-cı ilin sonlarından ("Şahdəniz"də hasilatın başlanmasından) ötən ilin birinci rübünün sonunadək dünya bazarlarına 49,7 milyon barel (6,3 milyon tona yaxın) kondensat göndərilib.

"Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 8,6-9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə 25 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LukAgip" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti