...

Türkiyədə TDT-nin xatirə sikkəsi satışa buraxılıb

Dünya xəbərləri Materials 8 Noyabr 2024 22:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü üçün xüsusi hazırlanan xatirə sikkəsi Türkiyədə satışa təqdim edilib.

Trend-in məlumatına görə, Türkiyənin Zərbxana və Möhür Mətbəəsi Baş İdarəsinin hazırladığı bu sikkə Türk dövlətləri arasındakı dərin əlaqələr və əməkdaşlığı simvolizə edən detallarla dizayn edilib. Xatirə sikkəsi, həmçinin TDT-nin beynəlxalq fəaliyyəti və mədəni dəyərlərini vurğulayır.

Sikkənin aversində səkkizguşəli “Səlçuklu Ulduzu”nun ortasında TDT-nin loqosu yer alır. Bu ulduzun hər guşəsi təşkilatın fəlsəfi dəyərlərini — mərhəmət, şəfqət, səbir, doğruluq, sirr saxlamaq, sadiqlik, yardımsevərlik və şükür etməyi, eyni zamanda TDT-nin səkkiz üzv dövlətini simvolizə edir.

Sikkənin reversində isə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın dövlət bayraqları təsvir olunub. Mərkəzdə yerləşdirilən pətək toxuması məhsuldarlıq, çalışqanlıq və birliyi, onun üzərindəki əlsıxma isə etibarlılıq və sülh rəmzidir. Sikkədə TDT-nin “Dildə, fikirdə, işdə birlik” ifadəsi də əks olunub.

38,61 millimetr diametrə və 23,33 qram kütləyə malik xatirə sikkəsi 5 min ədəd istehsal olunub və noyabrın 7-dən etibarən 2 il müddətinə dövriyyəyə buraxılıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdəki liderlər toplantısında bu xüsusi hazırlanmış xatirə sikkəsini dövlət başçılarına hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti