Bakı.Trend:
Dövlət Bayrağı Meydanında Azərbaycan bayrağı ucaldılıb və yenilənmiş bayraq muzeyinin açılışı olub.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Bulvar İdarəsinin rəsmisi Əfsanə Mehdiyeva deyib.
O bildirib ki, Meydanda fəaliyyət göstərən Bayraq muzeyi də yenilənmiş formada təqdim olunub.
Qeyd edək ki, Dövlət Bayrağı Muzeyi Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən 9 noyabr 2010-cu il tarixində açılıb. Muzey fəaliyyəti dövründə Azərbaycanın Respublikasının üç rəngli dövlət bayrağı ilə yanaşı, ölkəmizdə müxtəlif dövrlərdə mövcud olan xanlıqların, dövlətlərin bayraqlarını əyani nümayiş etdirilib və gələn qonaqlara təfərrüatlı məlumatlar çatdırılıb.
Muzeydə Azərbaycanın qədim və zəngin dövlətçilik tarixini əks etdirən 400 eksponat sərgilənib. Hər bir tarixi nümunə haqqında muzeyə gələn qonaqlara təfsilatlı məlumatlar verilib. 2017-ci ildə Dövlət Bayrağı Meydanında aparılan yenidənqurma və bərpa işləri ilə əlaqədar Dövlət Bayrağı Muzeyi də təmirə bağlanıb. Təmir-bərpa işlərinin aparıldığı illər ərzində muzeyin əməkdaşları eksponatların qorunması, saxlanılması, daha da zənginləşdirilməsi istiqamətində çalışmışlar və eksponat sayını 431-ə çatdırıblar.
Təmir-bərpa işlərindən sonra yeni görkəmdə, yeni tərtibatda fəaliyyətə başlayacaq Bayraq Muzeyində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Zəfər qalereyası” adlı ekspozisiya nümayiş olunur. Qalereyada Müzəffər Ali Baş Komandan tərəfindən işğaldan azad edilmiş ərazilərdə Dövlət bayrağının ucaldılması və Xankəndi şəhərində Vətən müharibəsindəki qələbənin üçüncü ildönümü ilə bağlı hərbi paradın fotoları nümayiş olunur.