Füzuli.Trend:
2020-ci il 8 noyabr tarixində Azərbaycan ordusunun parlaq qələbəsi ilə nəticələnən 44 günlük Zəfər Yürüşünün ilk başlandığı Füzuli ərazisində Zəfər Bayramının 4-ci ilinə həsr edilən sil-silə tədbirlər keçirilir.
Trend xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndələyi tərəfindən Zəfər Günü münasibəti ilə hazırlanan tədbirlər planına əsasən öncə ağac əkmə aksiyası təşkil edilib.
Zəfər yolunun kənarında Hava Limanı ərazisində keçirilən aksiyada Xüsusi Nümayəndəliyinin və digər qurumların əməkdaşları, Füzuli sakinləri iştirak ediblər. Aksiya çərçivəsində müxtəlif növ ağaclar əkilib və onlara aqrotexniki qulluq göstərilib. Qeyd edək ki, Zəfər Günü münasibəti ilə həmçinin Füzuli şəhərində sərgi nümayişi, konsert proqramı və atəşfəşanlıq nəzərdə tutulub.
Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən, 8 Noyabr Azərbaycanda Zəfər Günüdür.