...

Barselonada “Əlifba. A Cultural Alphabet” kitabının təqdimatı keçirildi (FOTO)

Cəmiyyət Materials 7 İyul 2025 17:30 (UTC +04:00)
Barselonada “Əlifba. A Cultural Alphabet” kitabının təqdimatı keçirildi (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Barselonanın Palau Dalmases sarayında NARGIS jurnalının təşkilatçılığı ilə “Əlifba. A Cultural Alphabet” kitabının təqdimatına həsr olunmuş möhtəşəm mədəniyyət axşamı baş tutdu.

Trend xəbər verir ki, dil, illüstrasiya və hekayə vasitəsilə Azərbaycanın mədəni irsini canlandıran bu unikal layihə Rabat, Doha, Berlin və digər şəhərlərdəki uğurlu təqdimatlardan sonra öz beynəlxalq mədəni səyahətini Barselonada davam etdirdi.

Gecə geniş auditoriyanı bir araya topladı – qonaqlar arasında Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyinin nümayəndələri, İspaniyanın aparıcı media qurumlarının təmsilçiləri, yaradıcı ziyalılar, tələbələr, gənclər və Kataloniyadakı Azərbaycan diasporasının üzvləri yer aldı. Tədbirin açılışında qonaqlara Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov müraciət edərək onları salamladı.

“Əlifba. A Cultural Alphabet” Azərbaycanın əlifbası vasitəsilə mədəni irsə aparan bir səyahətdir. Hər bir hərf qədim memarlıq nümunələrindən və sənətkarlıq ənənələrindən tutmuş folklor obrazları və görkəmli şəxsiyyətlərə qədər milli kimliyin müxtəlif tərəflərini təqdim edir. Kitab həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub və Azərbaycanın zəngin mədəniyyətini dərindən tanıtmaq məqsədi daşıyır.

Layihənin ideya müəllifi və rəhbəri NARGIS jurnalının baş redaktoru Ülviyyə Mahmuddur. O, Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi təşəbbüslərlə tanınır. Kitab 2019-cu ildə işıq üzü görmüş və o vaxtdan bəri müxtəlif ölkələri əhatə edərək bir neçə dilə tərcümə olunmuşdur.

Tədbirin qonaqları zəngin proqramdan zövq aldılar: Rəşad Ələkbərovun layihə üçün xüsusi olaraq yaratdığı “Welcome to Baku” adlı instalyasiya; “History in Letters” sənədli animasiya filminin nümayişi (film üzərində prodüser və rejissor Meran İsmayılsoy, ssenarist Ağamehdi Abidov, rəssamlar Kənan Şeyxzamanlı və Nərgiz Heydər çalışıblar); Azərbaycanın müxtəlif bölgələrinə məxsus milli geyimlərin nümayişi; milli mətbəximizin təamlarından ibarət qastronomik hissə; pianoçu Etibar Əsədli və tar ifaçısı Şəhriyar İmanovun iştirakı ilə keçirilən musiqi proqramı. Kitabın illüstrasiyaları tanınmış rəssam Orxan Hüseynova məxsusdur. Axşamın simvolik rəmzlərindən biri isə Teymur Qəribovun hazırladığı büllur kristal idi – bu incə əsər saf dəyərlərin, mədəniyyətin və əbədiyyətin poetik metaforası kimi təqdim olundu.

Tədbir Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyi və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyilə təşkil olunmuşdur.

Xəbər lenti

Xəbər lenti