Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) "E-Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) lisenziyasını ləğv edib.
Trend bu barədə AMB-yə istinadən xəbər verir.
Bildirilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı mövcud qanunvericilik, eləcə də “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində bank olmayan kredit təşkilatlarına nəzarətlə bağlı zəruri tədbirlərini davam etdirir.
Qeyd edilib ki, "Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 25.1.1-ci maddəsinə müvafiq olaraq, “E-Kredit Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 13.05.2026-cı il tarixli Qərarı ilə “E-Kredit Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 24.07.2024-cü il tarixli, BKT-48 nömrəli müvafiq lisenziyası təşkilatın könüllü müraciəti əsasında ləğv edilib.
Vurğulanıb ki, qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
