Bakı. Trend:
Pentaqon yaxın üç il ərzində operativ şəkildə 10 min ədəd nisbətən ucuz qanadlı raket almağı planlaşdırır.
Trend bu barədə xarici mediaya istinadla xəbər verir.
"Low-Cost Containerized Missiles" (LCCM) proqramı çərçivəsində hər raketin qiyməti bir neçə yüz min dollar təşkil edəcək. Yeni silahlar ABŞ Silahlı Qüvvələrinə arsenalı artırmaq və şaxələndirmək imkanı verəcək, həmçinin hazırda silahlanmada olan “Tomahawk” raketlərini tamamlayacaq.
Raketlərin hazırlanması və istehsalı üçün Pentaqon “CoAspire”, “Zone 5”, “Leidos” və “Anduril Industries” şirkətləri ilə müqavilələr bağlayıb.
WSJ daha əvvəl yazmışdı ki, ABŞ İranla münaqişə zamanı 1000-dən çox uzaqmənzilli “Tomahawk” raketi, eləcə də THAAD və Patriot daxil olmaqla hava hücumundan müdafiə sistemlərinin 1,5-2 min kritik əhəmiyyətli dəf edici –raketlərdən istifadə edib. Ehtiyatların tam bərpası altı ilədək vaxt apara bilər.
