Azərbaycanda ilin sonunadək 4-5 şirkətin istiqraz emissiyası gözlənilir

İqtisadiyyat Materials 14 May 2026 15:59 (UTC +04:00)
Azərbaycanda ilin sonunadək 4-5 şirkətin istiqraz emissiyası gözlənilir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bu ilin sonunadək həm dövlət, həm də özəl sektoru təmsil edən 4-5 şirkətin istiqraz emissiyası həyata keçirməsi planlaşdırılır.

Trend xəbər verir ki, bunu “ABB İnvest”in icraçı direktoru Nadir Babazadə şirkətin 2025-ci ilin yekunlarına dair maliyyə göstəricilərinin açıqlanması ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən ilin dekabr ayında Azərbaycan Dəmir Yolları (ADY) ilk dəfə istiqraz emissiyası həyata keçirib və bu emissiya investorlar tərəfindən yüksək maraqla qarşılanıb.

N.Babazadə bildirib ki, hazırda qeyri-maliyyə sektorunda fəaliyyət göstərən dövlət və özəl şirkətlərin istiqraz emissiyası üzrə işlər davam etdirilir.

“Emissiya prospektləri hələ Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiqlənmədiyi üçün həmin şirkətlərin adlarını açıqlaya bilmirik. Lakin ilin sonunadək 4-5 şirkətin istiqraz emissiyası planlaşdırılır. Bu emissiyalar həm manat, həm də dollarla olacaq və həm maliyyə, həm də qeyri-maliyyə sektorunu əhatə edəcək”, – deyə o bildirib.

N.Babazadə qeyd edib ki, ABB bir il ərzində ümumilikdə 100 milyon manatlıq istiqraz emissiyası həyata keçirməyi planlaşdırır.

“Artıq bunun bir hissəsi iki tranş üzrə icra olunub. 1 və 2 illik olmaqla ümumilikdə 20 milyon manatlıq istiqraz emissiyası həyata keçirmişik. Bir aydan az müddətdə isə üçüncü tranşın yerləşdirilməsi nəzərdə tutulur”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, əsas məqsəd kapital bazarının inkişafına dəstək verməkdir.

Xəbər lenti

Xəbər lenti