API Holding şirkətindən Italiana Petroli (IP) şirkətinin səhmlərinin 99,82 faizinin alınması əməliyyatının tamamlanmasından sonra IP şirkətinin baş icraçı direktoru (CEO) vəzifəsinə Levan Davitaşvili təyin olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, SOCAR-dan məlumat verilib.
İtaliyada IP şirkətinin fəaliyyətinə rəhbərlik edəcək Levan Davitaşvili əməliyyat davamlılığının təmin olunması, şirkətin ölkənin enerji bazarındakı mövqeyinin qorunması və daha da möhkəmləndirilməsi, həmçinin IP-nin SOCAR Qrupuna inteqrasiya prosesinə nəzarətin həyata keçirilməsi istiqamətlərində fəaliyyət göstərəcək.
Qeyd edək ki, italyan dilini mükəmməl bilən Levan Davitaşvili
dövlət və özəl sektorda yüksək rəhbər vəzifələrdə 25 ildən artıq
təcrübəyə malikdir. O, 2021–2025-ci illərdə Gürcüstanın Baş
nazirinin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri
vəzifələrində çalışıb. Həmçinin Cənubi Qafqazı Avropa İttifaqına
üzv dövlətlərlə birləşdirən “Yaşıl Enerji Dəhlizi” təşəbbüsündə
Gürcüstanın iştirakı ilə bağlı prosesə rəhbərlik edib. Levan
Davitaşvili 2025-ci ilin noyabr ayından etibarən SOCAR
prezidentinin müşaviri vəzifəsində fəaliyyət göstərir.
