Külli miqdarda narkotiki ölkəyə keçirmək istəyən şəxslərin cinayət işi məhkəməyə göndərilib

Hadisə Materials 13 May 2026 14:41 (UTC +04:00)
Külli miqdarda narkotiki ölkəyə keçirmək istəyən şəxslərin cinayət işi məhkəməyə göndərilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmiş İran İslam Respublikasının 3 vətəndaşı barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində tamamlanıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, istintaqla Məxtumi Sadiq Arazqurban oğlu (Makhtoumi Sadegh Arazghorban), Atcani Taher Halət oğlu (Atjani Taher Halat) və Qanqırme Omid Çalce oğlunun (Ghanghermeh Omid Chaljeh) satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında 45 kiloqramdan artıq qurudulmuş, eləcə də 328 kiloqramdan artıq qurudulmamış marixuananı satış məqsədilə qanunsuz əldə edərək “Layner” tipli mühərrikli qayıq vasitəsilə Xəzər dənizinin Azərbaycana aid hissəsindən gömrük sərhədini qaçaqmalçılıq yolu ilə keçiblər.

Daha sonra onlar Xaçmaz rayonunun sahil hissəsinə yaxınlaşarkən sərhəd orqanı əməkdaşları tərəfindən aşkar olunacaqlarını anlayaraq narkotik vasitələri dənizə atıblar.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin narkotik vasitələr Xəzər dənizinin Xaçmaz rayonuna aid sahil hissəsində və dənizin digər ərazilərində aşkar edilərək götürülüb.

Toplanmış sübutlar əsasında təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq), 234.4-1-ci (satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələri qanunsuz əldə etmə, saxlama və daşıma) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsi göndərilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti