Bakı. Trend:
Bu səfər Azərbaycanla Slovakiya arasındakı parlamentlərarası əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Bütün səfərlər əslində bizim parlamentlərarası əlaqələrimizin inkişafı ilə bağlı nümayiş etdirdiyimiz ardıcıl yanaşmanın nəticəsidir. Bu əlaqələrin daha da genişləndirilməsi ilə bağlı ortaq mövqeyə malikik.
Trend xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə mətbuata birgə bəyanatında deyib.
Spiker vurğulayıb ki, parlamentlər arasındakı əməkdaşlıq Azərbaycan-Slovakiya münasibətlərinin bir hissəsidir:
“Xüsusən son illərdə ölkələrimiz arasındakı əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Slovakiya Prezidentlərinin qarşılıqlı səfərləri və görüşlər iki ölkə arasındakı fəal siyasi dialoqun göstəricisidir. Məhz bu dialoq ölkə rəhbərlərinin münasibətlərin mövcud vəziyyətini müzakirə etməyə və yeni əməkdaşlıq istiqamətlərini nəzərdən keçirməyə imkan yaradır.
İkitərəfli əlaqələrin müxtəlif istiqamətlərinə diqqət yetirsək, iqtisadi, ticari, enerji, müdafiə sənayesi kimi sahələrdə artıq uğurlu əməkdaşlığın həyata keçirildiyini görərik. Eyni zamanda, digər istiqamətlər üzrə də əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulamaq lazımdır.
Müqavilə-hüquq bazasının genişləndirilməsi üzrə də müvafiq iş aparılır. Xalqlarımız arasındakı əlaqələrin daha da gücləndirilməsi baxımından humanitar sahədə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”.
S.Qafarova bildirib ki, bu gün nümayəndə heyətləri arasında keçirilən görüşdə parlamentlər arasında əlaqələr ətraflı şəkildə müzakirə edilib, iki parlament arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb:
“Bu sənəd əlaqələrimizin daha da genişləndirilməsinə gətirib çıxaracaq. Belə ki, sənəd dostluq qruplarının, müvafiq komitələrin, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin, parlament aparatlarının əməkdaşlığı ilə bağlı bir sıra mühüm istiqamətləri əhatə edir”.
Sədr əlavə edib ki, R.Raşi Azərbaycana səfəri çərçivəsində işğaldan azad olunan torpaqlara da gedəcək:
“Bu, artıq R.Raşinin Qarabağa ikinci səfəri olacaq. Hesab edirəm ki, 2022-ci ildən ötən dövr ərzində Qarabağda aparılmış yenidənqurma işlərinin miqyası R.Raşini müsbət mənada təəccübləndirəcək. Slovakiya parlamentinin nümayəndə heyəti Ağdamın Baş Qərvənd kəndini də ziyarət edəcək. Bu kəndin tikintisi Slovakiya şirkətləri tərəfindən həyata keçirilir. Biz Qarabağın yenidən qurulmasında Slovakiyanın Azərbaycana dəstəyini yüksək qiymətləndiririk. Bu kənd işğaldan azad olunmuş torpaqlarda Azərbaycan-Slovakiya dostluğunun bir nümunəsi olacaq”.
