Bakı.Trend:
Daşkənddə Özbəkistan Beynəlxalq Enerji Həftəsi çərçivəsində Mərkəzi Asiya ölkələri və Azərbaycanın nümayəndələrinin, həmçinin maraqlı tərəflərin və inkişaf üzrə tərəfdaşların iştirakı ilə “Yaşıl Dəhliz Alyansı”nın (Green Corridor Alliance) birgə müəssisəsinin iclası keçirilib. İclas zamanı Avropaya enerji dəhlizinin inkişafı məsələsi müzakirə olunub.
Trend bu barədə “Green Corridor Alliance”a istinadən xəbər verir.
Məlumata görə, tədbirdə iştirakçı ölkələrin Energetika nazirliklərinin nümayəndələri, o cümlədən Özbəkistan Energetika nazirinin birinci müavini Baxtiyer Mamatkarimov, Azərbaycanın Energetika nazirinin müavini Orxan Zeynalov, Qazaxıstan Energetika nazirinin müavini İlyas Bakıtjan, eləcə də Asiya İnkişaf Bankının (AİB) Özbəkistandakı nümayəndəliyinin direktoru Kanokpan Lao-Araya iştirak ediblər.
Qeyd olunur ki, çıxışlar zamanı onlar layihənin strateji əhəmiyyətini vurğulayaraq, regional enerji inteqrasiyasının dərinləşdirilməsi və daha geniş Xəzər regionunda, eləcə də Avropa istiqamətində “yaşıl keçid”in dəstəklənməsi üçün layihənin vaxtlı-vaxtında və effektiv şəkildə həyata keçirilməsinin vacibliyini qeyd ediblər.
İclasın ayrıca bölməsi layihənin texniki məsləhətçisi olan “CESI SpA” şirkətinə həsr olunub. Şirkət tədqiqatların başlanması və yük proqnozlaşdırılması ilə bağlı ətraflı hesabat təqdim edib. Təqdimatda texniki qiymətləndirmələr, məlumatların toplanması, həmçinin təklif olunan dəhliz çərçivəsində elektrik enerjisinə tələbatın və enerji güclərinin uzunmüddətli proqnozlaşdırılması sahəsində əldə olunan nailiyyətlər əks olunub.
İştirakçılar “Green Corridor Alliance” mexanizmi çərçivəsində əməkdaşlığın davam etdirilməsinə sadiq olduqlarını təsdiqləyib və layihənin texniki-iqtisadi əsaslandırılmasının növbəti mərhələləri, eləcə də regional əlaqələndirmə istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.
