Böyük Britaniya səfiri Azərbaycanın sülhə nail olmaq istiqamətindəki səylərini yüksək qiymətləndirib

Siyasət Materials 12 May 2026 20:35 (UTC +04:00)
Böyük Britaniya səfiri Azərbaycanın sülhə nail olmaq istiqamətindəki səylərini yüksək qiymətləndirib
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın ən heyranedici nailiyyəti Ermənistanla sülh yolunda əldə etdiyi tərəqqidir.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Old media nümayəndələri üçün keçirilən vida tədbiri zamanı bildirib.

Səfir, həmçinin Azərbaycanın regional gərginliyin azaldılması və deeskalasiya istiqamətindəki səylərini yüksək qiymətləndirib.

"Dəfələrlə törədilən təxribatlara baxmayaraq, Azərbaycanın İranla münasibətlər qurmaq və gərginliyi azaltmaq istiqamətindəki səylərini yüksək qiymətləndirirəm", — deyə o qeyd edib.

2022-ci ilin əvvəlində Azərbaycana gəlişini xatırladan F. Old bildirib ki, həmin vaxt 44 günlük müharibənin izləri hələ də görünürdü:
"Mən 2022-ci ilin yanvarında Gəncəyə getmişdim, o zaman şəhərdə 44 günlük müharibədəki raket zərbələrinin vurduğu zədələr hələ də hiss olunurdu".

Səfir Azərbaycan və Ermənistan arasındakı son diplomatik addımları, o cümlədən Prezident İlham Əliyevin İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitində iştirakını, habelə Baş nazirin müavini Şahin Mustafayevin sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın iclasına həmsədrlik etmək üçün Ermənistana səfərini vurğulayıb.

"Davamlı sülh hələ uzun illər səbir və səy tələb edəcək, lakin bütün əlamətlər göstərir ki, burada olduğum müddət ərzində Azərbaycan böyük yol keçib", — deyə o əlavə edib.

Səfir, həmçinin COP29-u Azərbaycandakı fəaliyyəti dövrünün əsas hadisələrindən biri adlandırıb:

"Ehtimal ki, mənim üçün ən əhəmiyyətli məqam COP29 oldu. Bakı öz tarixinin ən böyük tədbirinə — son dərəcə mürəkkəb geosiyasi şəraitdə ən mühüm qlobal məsələlərdən biri olan iqlim dəyişikliyi ilə mübarizə üzrə ən çətin danışıqlar prosesinə ev sahibliyi etdi".

O, Azərbaycanın iqlim sammitini təşkil etməsini yüksək qiymətləndirib və Böyük Britaniyanın bu prosesə dəstəyini qeyd edib:

"Azərbaycan bunun öhdəsindən parlaq şəkildə gəldi və Böyük Britaniya ona dəstək olmaqdan və Azərbaycanın yanında olmaqdan çox məmnun idi".

F. Old, həmçinin qeyd edib ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer COP29 zamanı Azərbaycana səfər edən ilk Britaniya Baş naziri olub, həmçinin tədbirdə yeddi Britaniya naziri iştirak edib.

Xəbər lenti

Xəbər lenti