Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə Əhmədoba kəndində növbəti səyyar qəbul keçirib.
Qəbulda Əhmədoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyə daxil olan Əhmədoba, Hacıəhmədoba, Hacıqazma və Qaracəlli kəndlərinin sakinləri iştirak ediblər.
Görüş iştirakçıları əvvəlcə Əhmədoba kəndindən olan şəhid İsmət Aslan oğlu Rəsulovun büstü önünə gül dəstələri düzüblər. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən mərd oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra müraciət və təkliflər dinlənilib. Sakinlər mavi yanacaqla təchizat, elektrik təsərrüfatının yenilənməsi, suvarma kanallarının təmizlənməsi və sel sularının fəsadlarının aradan qaldırılması ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.