Bakı.Trend:
Revanşist əhval-ruhiyyənin mövcud olduğu şəraitdə Azərbaycan və Ermənistan arasında dinc yanaşı yaşama mümkün deyil.
Trend xəbər verir ki, bu fikri Azərbaycanın Xalq artisti Vidadi Həsənov "Baku Network" analitik platformasında yayımlanan “Tofiq Abbasovla dialoq” videolayihəsinin növbəti buraxılışında səsləndirib.
Onun sözlərinə görə, müharibələr, dağıntılar və insan faciələri cəmiyyət qarşısında labüd fundamental suallar qoyur - zorakılığın mahiyyəti, məsuliyyət, yaddaş və mənəvi seçimlə bağlı məsələlər gündəmə gəlir.
Tarixi məsuliyyət mövzusundan danışan Vidadi Həsənov qeyd edib ki, tarixdə cəmiyyətin keçmişdən dərs çıxarmadığı hallarda cinayətkarların formal şəkildə mühakimə olunması heç də həmişə real cəzaya çevrilmir.
“Napoleon fransalıların üç nəslini məhv edib, amma Panteonda dəfn olunub, bu gün də ona abidə qoyanlar və onu ilahiləşdirənlər var. Eləcə də hazırda Avropada çox fəal olan neofaşistlər Hitleri ilahiləşdirirlər. Hər şey yenidən təkrarlanır: radikalizm, insan nifrəti, ifrat siyasi cərəyanlar”, - deyə o bildirib.
Vidadi Həsənov Avropa institutlarının mövqeyinə də toxunaraq, Azərbaycana qarşı törədilmiş cinayətlərə görə ədalət və məsuliyyət məsələlərinə yanaşmada ikili standartların mövcud olduğunu bildirib.
“Bu yaxınlarda İrəvanda Avropa Siyasi Birliyinin sammiti keçirildi və Prezident İlham Əliyev videobağlantı vasitəsilə Avropa institutlarının ikili standartları barədə açıq danışdı. Avropa Parlamenti qeyri-insani əməlləri sübuta yetirilmiş və hazırda Azərbaycan həbsxanalarında saxlanılan 19 cinayətkarı müdafiə edir. Qarabağ müharibəsi illərində bizə bu qədər faciə yaşatmış şəxslərin taleyi niyə birdən-birə Avropanı belə narahat etməyə başlayıb?” - deyə o bildirib.
Xalq artisti qeyd edib ki, kütləvi hərbi cinayətlərdə iştirak etmiş şəxslərin cəzasız qalması təhlükəli presedent yaradır və faciələrin təkrarlanmasına səbəb olur.
“Əgər bu şəxslər cəzasız qalsalar, faciələr yenidən təkrarlanacaq”, - deyə o bildirib.
Vidadi Həsənov vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan sonra gələcək və dinc yanaşı yaşayış barədə düşünmək lazımdır. Bunun üçün isə revanşist düşüncədən imtina edilməlidir.
Oxucuların diqqətinə verilişin tam videogörüntüsünü təqdim edirik: