ÜST-dən hantavirusla bağlı açıqlama

Cəmiyyət Materials 12 May 2026 13:43 (UTC +04:00)
ÜST-dən hantavirusla bağlı açıqlama
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda ictimaiyyət üçün hantavirus riski aşağı qiymətləndirilir.

Bu barədə Trend-ə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, ÜST Beynəlxalq Səhiyyə Qaydaları çərçivəsində bir neçə ölkə ilə birlikdə vəziyyətə operativ cavab vermək üçün çalışır. Əsas diqqət xəstələrin müalicəsinə, təhlükəsizliyə və virusun daha geniş yayılmasının qarşısının alınmasına yönəlib:

"İnsanlar adətən hantavirusa yoluxmuş gəmiricilərlə təmas nəticəsində yoluxurlar — xüsusilə onların sidiyi, nəcisi və ya tüpürcəyi vasitəsilə. Bəzən çirklənmiş tozun nəfəs yolu ilə qəbul edilməsi də infeksiyaya səbəb ola bilər. Nadir hallarda gəmirici dişləmələri də virusu yaya bilir. Risk yaradan fəaliyyətlərə qapalı və ya zəif havalandırılan yerlərin təmizlənməsi, kənd təsərrüfatı və meşə təsərrüfatı işləri, həmçinin gəmiricilərin olduğu məkanlarda qalmaq daxildir. İnsandan insana yoluxma çox nadir hallarda müşahidə olunur və yalnız Amerika qitəsində Andes virusu ilə bağlı qeydə alınıb. Belə hallarda yoluxma əsasən ailə üzvləri və ya partnyorlar arasında uzunmüddətli və yaxın təmas zamanı, xüsusilə xəstəliyin ilkin mərhələsində baş verir.

ÜST gəmidə olan vətəndaşlarla bağlı 12 ölkəni məlumatlandırıb. Bunlara Kanada, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Sent-Kits və Nevis, Sinqapur, İsveç, İsveçrə, Türkiyə, Böyük Britaniya və ABŞ daxildir. ÜST həmçinin əlaqəli reysdə olmuş şəxslərin izlənməsi üçün Cənubi Afrika ilə əməkdaşlıq edir. Beynəlxalq təmas izləmə prosesi davam edir. Sərnişinlər məlumatlandırılıb və onlardan hər hansı simptom yaranarsa bildirmələri istənilib. ÜST eyni zamanda bu virusla mübarizə təcrübəsinə malik Argentina ilə sıx əməkdaşlıq edir ki, vəziyyət daha yaxşı öyrənilsin və cavab tədbirləri gücləndirilsin.

ÜST-dən bildirilib ki, Azərbaycanda bu virusun diaqnostikası üçün laborator imkanlar var:

"Azərbaycanda həm insan, həm də heyvan sağlamlığı laboratoriyalarında PCR üsulu ilə hantavirusun aşkarlanması üçün imkanlar mövcuddur. ÜST həmçinin Avropa üzrə laboratoriyalarla birlikdə Andes virusunun etibarlı şəkildə test olunmasını təmin etmək üçün çalışır. Zərurət yaranarsa, nümunələr təsdiqləmə məqsədilə təhlükəsiz şəkildə ÜST-nin ixtisaslaşmış referens laboratoriyalarına göndərilə bilər. ÜST yaxın zamanda region üzrə test prosesini dəstəkləmək məqsədilə yenilənmiş laborator təlimatlarını yayımlayacaq".

Qeyd olunub ki, hazırda ümumi qlobal risk yoxdur:

"Gəmidə olmuş şəxslər üçün isə risk orta səviyyədə qiymətləndirilir. Hantavirus asan yayılan virus deyil. O, əsasən gəmiricilərdən insanlara keçir və insandan insana yoluxma çox nadir hallarda baş verir. Hər il dünyada minlərlə yoluxma halı qeydə alınsa da, bu rəqəm dünya əhalisi ilə müqayisədə böyük sayılmır. Gəmidəki vəziyyət riskin minimuma endirilməsi məqsədilə diqqətlə idarə olunur.

Həmçinin vurğulanıb ki, şayiə və təsdiqlənməmiş məlumatlar yaymaq yolverilməzdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti